Tolqaxan Bəxtiyar: Kənd təsərrüfatı iqlim dəyişmələrinin təsirlərinin ən çox hiss olunduğu sahələrdən biridir
Bakı, 8 sentyabr, AZƏRTAC
Kənd təsərrüfatı iqlim dəyişmələrinin təsirlərinin ən çox hiss olunduğu sahələrdən biridir. Lakin bu problemləri yalnız kənd təsərrüfatı siyasəti ilə həll etmək mümkün deyil. Su qıtlığı, quraqlıq, torpaqların deqradasiyası və ərzaq təhlükəsizliyi bir-birinə bağlıdır. Buna görə də ərzaq, su və iqlim məsələlərinə vahid, qarşılıqlı əlaqəli reallıq kimi yanaşmalıyıq.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nümayəndəsi Tolqaxan Bəxtiyar Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "Fəaliyyətdə Harmoniya:İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq" adlı yüksəksəviyyəli dəyirmi masada çıxış edərkən deyib.
O bildirib ki, bu anlayış Türkiyə hazırlamağa başladığı “Bakı Nexus” təşəbbüsünün əsasını təşkil edir: "Burada mühüm bir məqamı vurğulamaq istərdim: biz “Bakı Nexus”u mövcud qlobal təşəbbüslərə rəqib kimi görmürük. Əksinə, onu artıq həyata keçirilən dəyərli işlər üzərində qurmaq məqsədilə hazırlamışıq. Bu yanaşmanın formalaşmasında tərəfdaşlarımızın dəstəyi, xüsusilə Azərbaycanın COP29 sədrliyi dövründə irəli sürdüyü “Harmoniya” İqlim Təşəbbüsünün fəaliyyəti bizim üçün mühüm ilham mənbəyi olub. “Harmoniya” kənd təsərrüfatı və iqlim sahəsində artan təşəbbüslərin daha əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi ehtiyacına cavab verib. Təşəbbüsün əsas mesajı sadə, lakin çox vacibdir: yeni təşəbbüslərə ehtiyac ola bilər, lakin əlavə parçalanmaya ehtiyac yoxdur".