İDMAN
Tomas Bax Moskva Olimpiadasının yubileyi ilə bağlı şənliklərdə iştirak etməyə razılıq verib
![Tomas Bax Moskva Olimpiadasının yubileyi ilə bağlı şənliklərdə iştirak etməyə razılıq verib](/files/2019/2/1200x630/15647511066352215882_1200x630.jpg)
Bakı, 2 avqust, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax 1980-ci ildə Moskvada keçirilmiş Olimpiya Oyunlarının yubileyi ilə bağlı şənliklərdə iştirak etməyə razılıq verib
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu BOK-un fəxri üzvü Vitali Smirnov deyib.
Eyni zamanda, Rusiya Olimpiya Komitəsinin (ROK) fəxri prezidenti olan Smirnov RF Prezidenti yanında Bədən Tərbiyəsi və İdmanın İnkişafı Şurasının bu il mart ayında keçirilmiş iclasında SSRİ-də Yay Olimpiya Oyunları keçirilməsinin 40 illiyini bayram etmək təklifini irəli sürüb. O vaxt Rusiya Prezidenti Vladimir Putin də ROK-un fəxri prezidentinin bu ideyasını dəstəkləyib.
Smirnov deyib: “Yubiley tədbirləri keçirilməsi ideyasını BOK da dəstəkləyir. Biz Beynəlxalq Komitənin prezidenti Tomas Baxı dəvət etmişik, o da razılıq verib. Dəvətlilər arasında BOK üzvləri, Olimpiya ailəsinin nümayəndələri, beynəlxalq federasiyaların rəhbərləri də var”.
Xatırladaq ki, Moskvada Olimpiya Oyunları 1980-ci il iyulun 19-dan avqustun 3-dək keçirilib. O vaxt Tomas Bax AFR-in qılıncoynatma üzrə yığma komandasının üzvü idi. Bu yığma Olimpiadada rapiraçılar turnirinin favoritlərindən biri idi, lakin Qərbi Almaniya 1980-ci il Olimpiya Oyunlarını boykot etdiyinə görə Moskvaya öz nümayəndə heyətini göndərmədi.