“TORPAQ İSLAHATI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA VƏ “DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
2007-ci il mayın 22-dək bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara bağ sahələri üçün ayrılmış torpaq sahələri ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №3, maddə 203; 2001-ci il, №1, maddə 26, №3, maddə 149, №6, maddə 375; 2002-ci il, №5, maddələr 237, 241; 2003-cü il, №1, maddə 14; 2004-cü il, №2, maddə 59, №4, maddə 212; 2006-cı il, №6, maddə 478; 2007-ci il, №1, maddə 3) 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.”.
II. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №8, maddə 603; 2006-cı il, №6, maddə 482; 2007-ci il, №8, maddə 745) aşağıdakı məzmunda 8.0.5-ci maddə əlavə edilsin, 8.0.5-ci maddə 8.0.6-cı maddə hesab edilsin:
“8.0.5. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər;”.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2008-ci il.