Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Açıq qapı” günü
Bakı, 12 noyabr, AZƏRTAC
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin, həmçinin Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin meşəçilik ixtisasının tələbələri üçün “Açıq qapı” günü keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi gənclərin elmi potensialının yüksəldilməsi olub. Tələbələr ziyarət çərçivəsində müəssisənin kitabxanası, Torpaq muzeyi və laboratoriyaları ilə tanış olublar. İnstitutun böyük elmi işçisi Vüqar Cəfərov və elmi işçisi Könül Əliyeva gənclərə görülən işlər haqqında məlumat verərək, onları təcrübə nümunələri ilə tanış ediblər.
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev tələbələrə torpaqşünaslıq elminin əhəmiyyəti və qurumda aparılan ən son elmi-tədqiqat işləri haqqında məlumat verib.
“Açıq qapı” zamanı tələbələrə kitablar hədiyyə edilib, tövsiyələr verilib və onların sualları cavablandırılıb.