Tovuzun Aşağı Öysüzlü kəndi ərazisində ermənilər tərəfindən atılmış top mərmisinin qalıqları aşkar olunub
Bakı, 16 iyul, AZƏRTAC
İyulun 16-da saat 10:10-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində 1 ədəd mərminin düşməsi barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış 122 mm-lik top mərmisinin (OF-56-1) qalıqları aşkar olunmuş, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Partlamış top mərmisinin ətrafında 80 kv.m əraziyə yerüstü, 10 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.