TRASEKA-NIN DAİMİ KATİBLİYİNDƏ YENİ PİLOT LAYİHƏNİN NÖVBƏTİ MÜZAKİRƏSİ BAŞLANMIŞDIR
Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov ölkəmizin daşınmalarla bağlı həyata keçirdiyi tarif siyasətindən, TRASEKA-ya üzv dövlətlərin nəqliyyat nazirlikləri arasında əlaqələrinin genişlənməsinin əhəmiyyətindən və nəqliyyatın inkişafı istiqamətində görülən digər işlərdən danışmışdır. O demişdir ki, quruma üzv olan dövlətlərin nəqliyyat strukturları arasında əlaqələrin genişlənməsi və tariflərin bərabərləşməsi istiqamətində atılan hər bir addım Avrasiya beynəlxalq nəqliyyat dəhlizinin digər beynəlxalq dəhlizlərlə rəqabətə davam gətirməsini təmin edən əsas şərtlərdəndir.
TRASEKA Hökumətlərarası Daimi Katibliyin baş katibi Lyüdmila Trenkova qurumun işinə yaxından kömək etdiyinə görə Azərbaycan Nəqliyyat Nazirliyinə təşəkkür etmişdir. Baş katib əminliklə demişdir ki, müzakirələr quruma üzv dövlətlərin nəqliyyatda vahid tarif sisteminin yaradılması istiqamətindəki mövqelərini ortaya qoyacaqdır.
Tədbirin digər iştirakçıları ölkələrinin nəqliyyatla bağlı tarif siyasəti barədə məlumat vermiş və müzakirəyə çıxarılan pilot layihədəki müddəalara münasibətlərini bildirmişlər.
Müzakirələr martın 11-də davam etdirilmişdir.