Turizm Assosiasiyasının nümayəndələri Bakı Ali Neft Məktəbində
Bakı, 20 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycan Respublikası Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov və assosiasiyanın Hindistan üzrə rəsmi nümayəndəliyinin rəhbəri Razeen Hasan ilə görüşüb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, E.Qasımov qonaqlara ali məktəbin fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri barədə məlumat verib. Qeyd edilib ki, hazırda BANM-də xarici ölkə tələbələrinin təhsil alması üçün bütün şərait yaradılıb. Ali məktəbin müasir tədris otaqları və laboratoriyaları, yataqxanası, idman kompleksi tam dünya standartlarına cavab verir. BANM-in öz tələbələrini hər tədris ilinin sonunda yerli və transmilli şirkətlərdə təcrübə proqramlarına cəlb etməsi onu ölkədə digər universitetlərdən fərqləndirən xüsusiyyətlərdən biridir.
AzTA-nın sədri Nahid Bağırov assosiasiyanın Hindistan Respublikası ilə əlaqələrinin genişləndiyini və hindistanlıların Azərbaycana böyük maraq göstərdiklərini bildirib. O qeyd edib ki, BANM-də təhsilin ingilis dilində və Avropa standartlarına uyğun aparılması Hindistandan olan gənclərin BANM-da tədris ala bilməsi üçün ən vacib amillərdəndir.
Razeen Hasan iki ölkə arasında turizm və təhsil əlaqələrinin qurulmasına daim dəstək göstərdiyini bildirib. Qeyd olunub ki, hindistanlı tələbələrin BANM-də təhsil alması ali məktəbin Hindistanda keçirilən təhsil sərgilərində iştirakının təmin edilməsi üçün öz töhfəsini verə bilər.
Görüşdə tələbə mübadilə proqramları, müxtəlif təhsil sərgilərində iştirakla və ali məktəbin MBA təhsilinin Hindistanda təbliği ilə bağlı müzakirələr aparılıb. Bu istiqamətdə görüləcək işlərin rəsmiləşdirilməsi üçün BANM ilə AzTA-nın Hindistan üzrə rəsmi nümayəndəliyi arasında memorandum imzalanması qərara alınıb.