Turizm və Menecment Universitetinin müəllimlərinə İMC Krems Tətbiqi Elmlər Universitetinin sertifikatları verilib
Bakı, 13 dekabr, AZƏRTAC
Avstriyanın ölkəmizdəki səfirliyində təşkil olunan “Azərbaycan-Avstriya Turizm Proqramı”nın (AATP) ənənəvi məzun görüşü çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müəllimlərinə İMC Krems Tətbiqi Elmlər Universitetinin sertifikatlarının təqdimetmə mərasimi keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, sertifikatlar AATP proqramında beş ildən çox pedaqoji fəaliyyət göstərən müəllimlərə verilib.
Tədbirdə Avstriyanın ölkəmizdəki səfiri Aksel Veks ölkələrimiz arasında mövcud siyasi və mədəni əlaqələrin əhəmiyyətindən danışıb.
İMC Krems Tətbiqi Elmlər Universitetinin rektoru xanım Eva Vernerin təbrik nitqindən sonra doqquz müəllimə, eləcə də proqramda fəaliyyətini davam etdirən üç ATMU məzununa mükafatlar təqdim olunub.
ATMU-nun rektoru İlham Mədətov bildirib ki, 10 il ərzində proqramı bitirən 175 məzundan bir çoxu hazırda turizm sənayesinin aparıcı sahələrində böyük nüfuz sahibidir. Rektor deyib: “ATMU ailəsi olaraq turizm sənayesinin dinamik inkişafı naminə faydalı və səmərəli əməkdaşlığa böyük önəm veririk”.
Tədbir konsert proqramı ilə davam etdirilib.