CƏMİYYƏT
Turizm və rekreasiya zonalarının ərazilərində qadağan olunacaq fəaliyyət növləri müəyyənləşib
Bakı, 8 oktyabr, AZƏRTAC
Turizm və rekreasiya zonalarının ərazilərində qadağan olunacaq fəaliyyət növləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 8-də keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilir:
- kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət;
- iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;
- tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət;
- "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Qanunun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiq edilib.