Türk dövlətlərindən olan oftalmoloqların iştirakı ilə tədbir keçirilib
Bakı, 8 iyul, AZƏRTAC
Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi tərəfindən (TCOD) Bayburt Universitetində Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikasından olan mütəxəssislərin iştirakı ilə tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd türk dövlətlərinin oftalmologiya sahəsində nailiyyətlərini, tədqiqat nəticələrini və innovasiyaları müzakirə etmək olub.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə TCOD-un sədri Öner Gelişken, fəxri prezidenti Sunay Duman, baş katibi Züleyha Yalnız Akkaya, Bayburt şəhərinin millət vəkili Orhan Ateş, Türkiyə Oftalmoloji Dərnəyinin baş katibi Kıvanç Güngör və Bayburt Universitetinin rektor köməkçisi Əli Savaş Bülbül çıxış ediblər.
Tədbirdə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodiki bölməsinin müdiri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, TCOD-un fəxri üzvü Yazgül Abdıyeva “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin inkişaf tarixi, dünəni və bu günü” mövzusunda məruzə edib, həmçinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyətindən söz açıb. O, çıxışında Mərkəzin gözə qulluq sahəsində mükəmməlliyə doğru inkişafından danışıb və regionda oftalmoloji xidmətin daha da təkmilləşdirilməsi istiqamətində keçirilən beynəlxalq tədbirləri qeyd edib, xüsusən Türkiyə ilə əməkdaşlığı vurğulayıb.
Tədbirdə, həmçinin Azərbaycandan Tural Qəlbinur, Türkiyədən Ayşe Burcu, Umay Güvenç, Züleyha Yalnız Akkaya, Fatih Mehmet Mutlu, Bekir Sıtkı Aslan, Süleyman Kaynak, Oya Dönmez, Ilgaz Yalvaç, Nurten Ünlü, Betül Önal Günay, Levent Karabaş, Ecem Önder Tokuc, Qırğızıstandan Azizbek Eshmambetov, Özbəkistandan Nazim Zaynutdinov, Şimali Kipr Türk Cümhuriyyətindən Şerife Özhuy məruzələrlə çıxış ediblər.
Tədbirdən sonra iştirakçılara sertifikat təqdim olunub.