“TÜRK DÜNYASI”
“HEYDƏR ƏLİYEV VƏ ŞƏRQ” KİTABININ ALTINCISI BELƏ ADLANIR
Təhsil Nazirliyinin müvafiq əmri ilə dərs vəsaiti kimi təsdiq edilmiş kitabın müəllif-tərtibçiləri Xarici İşlər Nazirliyinin müşavirləri, filologiya elmləri doktoru Qaley Allahverdiyev və Vəhdət Sultanzadə, məsləhətçi-rəyçi Prezidentin İcra Aparatı xarici əlaqələr şöbəsinin müdiri, Novruz Məmmədov, redaktoru Milli Məclisin deputatı, tarix elmləri namizədi Mübariz Qurbanlıdır.
“Çaşıoğlu” nəşriyyatında işıq üzü görmüş və fotoşəkillərlə zəngin, nəfis tərtibatlı kitab Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun “Heydər Əliyev və Türk dünyası”, müəlliflərin “Heydər Əliyevin gözü ilə türk dünyası” yazıları ilə açılır. Yazılarda ümummilli liderimizin türk dünyasındakı sanballı mövqeyi, dahi siyasi şəxsiyyətin türk dünyasına münasibəti açıqlanmışdır.
Nizami Cəfərov yazır ki, “Heydər Əliyev türk dünyasının böyük bir şəxsiyyətidir, bütün dünya siyasətçiləri içərisində tanınmış və çox hörmət qazanmış şəxsiyyətdir. O, türk xalqları qarşısında əvəzsiz xidmətlər göstərmiş, böyük nüfuz qazanmışdır. Onun türk birliyini bütün dünyada tanıtmaqda və nümayiş etdirməkdə böyük xidmətləri olmuşdur. Türk dünyası bunu heç vaxt unutmayacaq və bu, dünya və türk dövlətlərinin tarixinə artıq əbədi həkk olunmuşdur”.
Oxuculara türk dünyasının rəhbərləri və ictimai-siyasi xadimləri - Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın, sabiq baş naziri Bülənd Ecevitin, keçmiş xarici işlər naziri Ərdal İnönünün, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, Adıgeyin sabiq prezidenti Aslan Carımovun, Kalmıkiya Prezidenti Kirsan İlyumjinovun, Qaraçay-Çərkəzin sabiq Prezidenti Vladimir Xubiyevin, Kabarda-Balkariya Prezidenti Valeri Kokovun, Tatarıstan Prezidenti Mintimer Şaymiyevin, Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında ürək sözləri təqdim olunur.
Sonra ardıcıl olaraq Azərbaycanın Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan ilə münasibətləri, bu münasibətlərin formalaşması və inkişafında böyük rəhbərin rolu haqqında ətraflı material verilmişdir. Materiallar bu türk diyarları barədə ensiklopedik məlumatlarla müşayiət olunmuşdur.
Müəlliflər türk dövlətləri başçılarının yeddi zirvə toplantısının hamısı barədə hesabatı da kitaba daxil etmişlər. Yuxarıda xatırlatdığımız “Heydər Əliyevin gözü ilə Türk dünyası” yazısında müəlliflər bu toplantılardan da bəhs etmişlər: “Türkdilli dövlətlərin başçılarının zirvə görüşlərini keçirməyin zəruri və faydalı olduğunu təsdiqləyən Heydər Əliyev gücümüzü yalnız və yalnız birlikdə görmüşdür. Şəxsi dostluğun, tez-tez keçirilən görüşlərin qarşılıqlı anlaşmaya, ən çətin məsələlərin əlbir səylərlə həll olunmasına kömək etdiyini gözəl anlayan ulu öndərimiz əlbir səylərin milli maraqlarımıza uyğun nəticələr verəcəyinə inanır, bu görüşlərin, fikir mübadilələrinin, prezidentlərin ünsiyyətlərinin bütün sahələrdə sıx əlaqələr yaratmasına xidmət edəcəyinə ümid bəsləyirdi”.
Kitaba müdrik siyasətçinin türk dünyasına dair bəyanat və müsahibələri də daxil edilmişdir.
Nəşr “Türk dünyasının fenomenal şəxsiyyəti” fəsli ilə bitir. Burada Süleyman Dəmirəlin, Əhməd Şmidenin, Oljas Süleymenovun və başqalarının “dörd min illik türk dövlətçilik tarixində ölməz lider kimi qalacaq” (Əhməd Şmide) Heydər Əliyevin vəfatından kədərlənərək təəssüflə dedikləri ürək sözləri yer almışdır.
Kitabda AZƏRTAC-ın materiallarından, “Azərbaycan-Türkiyə əlaqələri və Heydər Əliyev (I cild), Nizami Cəfərovun “Heydər Əliyev” kitablarındakı materiallardan istifadə olunmuşdur.