QAN YADDAŞI
TÜRK DÜNYASI ÜÇÜN HƏM HÜZN, HƏM DƏ ŞƏRƏF GÜNÜ
GƏNCLİYƏ YARDIM FONDUNDA 20 YANVAR ŞƏHİDLƏRİNİ ANMA MƏRASİMİ
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Respublikası Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Türkiyənin “İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi”nin Azərbaycandakı Nümayəndəliyi, ölkəmizin Gəncliyə Yardım və 20 Yanvar fondları faciənin ildönümünə həsr olunmuş tədbir keçirmişlər.
Tədbirin keçirildiyi Gəncliyə Yardım Fondunun foyesində Bakı məktəblilərinin 20 Yanvar mövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgi açılmışdı.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının dövlət himni, Türkiyə Cümhuriyyətinin İstiqlal marşı səsləndirilmişdir.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim demişdir ki, hər bir xalqın tarixində azad və müstəqil yaşamaq üçün dönüm nöqtəsi hesab olunan tarixlər və bu azadlıq, müstəqillik uğrunda öz şirin canlarından keçmiş qəhrəman övladları olmuşdur. Bu qəhrəmanlar zamanın axarında əsla unudulmurlar. Tarixin yaddaşına azadlıq uğrunda axıtdıqları müqəddəs qanları ilə adlarını yazdırmış 20 yanvar şəhidləri məhz belə qəhrəmanlardır və xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Natiq vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin bütün dünyada tanıdılmasına, hər zaman şəhidlərin xatirəsinin əziz tutulmasına diqqətlə yanaşırdı. Ulu öndərin davamçısı Prezident İlham Əliyev də bu ənənəyə sadiq qalmışdır. Ölkə başçısının sərəncamı ilə Şəhidlər xiyabanında əsaslı yenidənqurma və təmir işlərinin görülməsi, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə qayğı ilə yanaşılması buna bariz sübutdur.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasını sədri Əli Həsənov 20 Yanvar faciəsinin səbəblərindən söz açmış, bu hadisənin əsl mahiyyətinin dünyaya çatdırılmasında və ona siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, 20 Yanvar hadisəsi xalqımızın milli-azadlıq hisslərinin güclü olduğunu, Azərbaycanda milli müstəqil dövlət quruculuğu üçün sosial əsasların olduğunu, bizim müstəqil yaşamaq və mövcud olmaq maraqlarımızı, xalqın qəhrəmanlığını göstərdi. Şəhidlik müqəddəs bir zirvədir və bu zirvəni fəth edənlər ölməzdir. Onlar bizim bu günümüz, azad, müstəqil yaşamağımız üçün şirin canlarından keçmişlər. Şəhid ailələrinə qayğı göstərmək hər birimizin borcudur.
Əli Həsənov bir daha vurğulamışdır ki, 20 Yanvar qırğınının səbəbkarları Beynəlxalq Haaqa Məhkəməsi qarşısında cavab verməlidirlər. O, şəhid ailələrinə azadlığımız uğrunda verdikləri itkiyə görə başsağlığı vermiş, səbir, mətanət və vüqarlı olmağı diləmişdir.
Türkiyənin ölkəmizdəki səfirinin birinci müavini Nihat Civaner, Milli Məclisin deputatı Fuad Muradov çıxış etmişlər. Şair Məmməd Aslan “Ağla, qərənfil, ağla” şeirini söyləmişdir.
20 Yanvar Fondunun sədri Yusif Bünyadzadə 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini xatırlatmış, təklif etmişdir ki, həmin sənəd günahkarların şəkilləri ilə bərabər mərmərə həkk olunaraq Şəhidlər xiyabanında yerləşdirilsin.
Mərasimin sonunda 172 şəhid ailəsinə ərzaq bağlamaları paylanmışdır.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev iştirak etmişdir.
######