Türk dünyasının dahi alimi Əl Fərabinin yubileyi qeyd edilib
Qahirə, 29 dekabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi (COMSTECH) Beynəlxalq Türk Akademiyası və Qazaxıstan Mədəniyyət Nazirliyi ilə birgə Pakistanın paytaxtı İslamabadda türk və İslam dünyasının dahi alimi və filosofu Əbu Nəsir Məhəmməd Əl Fərabinin 1150 illik yubileyi münasibətilə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Pakistan Prezidenti, COMSTECH-nin sədri Arif Alvinin sədrlik etdiyi tədbirdə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin müavini Askar Mussinov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, həmçinin İslam və Avropa ölkələrindən 120 şərqşünas alim iştirak edib.
Əl Fərabinin zəngin elmi irsi haqqında ətraflı məlumat verən A.Mussimov qeyd edib ki, İƏT İslam aləminin dahi şəxsiyyətlərinin kitablarını yenidən nəşr edəcək. Artıq Əl Fərabinin əsərlərinin cildləri çapa verilib və tezliklə ingilis və ərəb dillərində oxuculara təqdim ediləcək.
İki gün davam edən tədbirdə tədqiqatçı-alimlərin Əl Fərabinin elmi fəaliyyəti və əsərləri haqda məruzələri dinlənilib. Diqqətə çatdırılıb ki, Əl Fərabi ərəb, fars, latın və sanskrit dillərini mükəmməl bilib, dini və dünyəvi elmləri dərindən mənimsəyib. O, riyaziyyat, fəlsəfə, tibb və musiqiyə dair mükəmməl əsərlərin müəllifidir. Dahi alimin "Kitabi əl-musiqi əl-kəbir" (“Musiqi haqqında böyük kitab”) əsəri ərəb aləmində musiqişünaslığın inkişafına təkan verib. Onun ən məşhur əsəri - “Əl-Mədinə əl-Fədilə” (“Əxlaq şəhəri”) əsərində "ideal dövlət" konsepsiyası irəli sürülüb. Əl Fərabinin əsərləri Şərqin, sonralar isə Qərbin elm ocaqlarında tədris edilib. Onun dövrümüzə gəlib çatan 117 kitabı məntiq, metafizika, əxlaq, siyasi elmlər, musiqi, sosiologiya və tibbə aiddir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə