ELM VƏ TƏHSİL
Türkiyə-Azərbaycan Universitetinin təcrübəsi başqa ölkələrdə də tətbiq ediləcək
Ankara, 9 noyabr, AZƏRTAC
Türkiyə universitetləri topladıqları təcrübəni xaricdə yaymaq üçün ciddi addımlar atır. Bunun bariz nümunəsi bu il Türkiyə-Azərbaycan Universitetinin açılışı oldu.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar Kayseridəki Erciyes Universitetində olarkən deyib.
Onun sözlərinə görə, Ankara Türkiyə universitetlərinin xüsusi irəliləyiş əldə etdiyi sahələrdə xaricdə təhsil proqramlarının açılması layihəsinə xüsusi önəm verir. “Biz təhsil sektorunda analoji layihələrin həyata keçirilməsi ilə bağlı bir çox başqa dövlətlərlə danışıqları davam etdiririk”, -deyə Şuranın rəhbəri bildirib.
Özvar bildirib ki, bu həftə onun Qahirəyə səfərinin yekunlarına dair bu ərəb ölkəsində Türkiyə universitetlərinin filiallarının açılması ilə bağlı prinsipial razılıq əldə olunub.
O, Ankara Qazi Universitetinin Qazaxıstanda filialının açılması, eləcə də İstanbul Texniki Universitetinin təcrübəsinin Albaniya gənclərinə ötürülməsi ilə bağlı razılıq əldə olunduğunu da xatırladıb.
“Türkiyədə ali təhsilin keyfiyyəti nə qədər yaxşı olarsa, xaricdən də Türkiyə universitetlərinə maraq bir o qədər artar”, -deyə YÖK rəhbəri bildirib.
Onun sözlərinə görə, Türkiyə əcnəbi tələbələrin sayına görə dünyanın ən yaxşı beş aparıcı ölkəsi sırasına daxil olmağa çalışır. “Bu gün Türkiyə universitetlərində 340 minə yaxın əcnəbi təhsil alır. 2028-ci ilə qədər bu rəqəmi 500 min nəfərə çatdırmağı planlaşdırırıq”, - deyə Özvar diqqətə çatdırıb.
O əlavə edib ki, Türkiyənin ali təhsil sistemi üçün daha bir prioritet ölkənin inkişafına ciddi töhfə verməyən proqramların mərhələli şəkildə bağlanmasıdır. Özvar deyib: “Türkiyənin ehtiyac duyduğu ixtisaslar bizim üçün önəmlidir. Təkcə bu il ölkəmizdə 20 ali təhsil müəssisəsində süni intellekt və rəqəmsal texnologiyalara əsaslanan 73 yeni proqram açılıb. Bu kurs davam etdiriləcək”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara