TÜRKİYƏ SİQARETİ QADAĞAN EDİR
Yeni qanuna əsasən, bütün ölkədə ictimai yerlərdə siqaret çəkməyə qadağa qoyulur. Qanun layihəsi həm hökumət, həm də müxalifət tərəfindən dəstəklənmişdir.
Türklər yeni qanuna əsil inqilab kimi baxırlar. Axı, ölkədə tütünə meyil həmişə çox güclü olmuşdur. Adamlar hər yerdə - ofislərdə və xəstəxanalarda, məktəblərdə və taksilərdə, barlarda və kinoteatrlarda siqaret və qəlyan çəkirlər. Hətta məscidlərin yaxınlığından da tütün qoxusu gəlir. Menecer Yıldırım Arslan demişdir: “Birgə yemək, rakı içmək və siqaret çəkmək bir-birini əvəz edən vərdişlərdir. Biz yuxudan ayılanda da, yatmağa hazırlaşanda da siqaret çəkirik. Türkiyədə çörəyi necə yeyirlərsə, siqareti də elə çəkirlər”.
Lakin bir çoxları siqaretə “yox” demək qərarına gəlmişlər. Əhalinin əksəriyyəti Aİ-yə daxil olmaq naminə bu vərdişdən əl çəkməyə hazırdır. Ölkə vətəndaşlarının sağlamlıq durumu haqqında statistik məlumatın açıqlanması da, əslində, çoxlarını bu addımın vacibliyinə inandırmışdır.
Proses isə 12 il əvvəl, siqaret çəkmək əleyhdarı Übeyd Korbəyin o vaxtlar donkixotluq adlandırılan bir kampaniya apardığı zaman başlanmışdı. Hazırda Siqaret Çəkməklə Mübarizə Fondunun prezidenti Korbəy demişdir: “Mən siqaret çəkməyənlərin hüquqları ilə məşğul olmağa başladığım vaxt meydanda təkdim. Hamı mənim əleyhimə idi”.
Bu gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Korbəyin tərəfindədir. Sağlam həyat tərzinin və Aİ-yə daxil olmağın tərəfdarı, qayğıkeş müsəlman olan Baş nazir iri yaşayış məntəqələrində alkohol qəbulunun məhdudlaşdırılması kampaniyası qismən uğursuzluqla nəticələndikdən sonra yeni kampaniyaya başlamışdır. Türkiyənin hər yerində “Siqaret çəkmək qadağandır!” sözləri yazılmış qırmızı lövhələr görünməkdədir.
Lakin siqaret aludəçiləri bu qanunun səmərəliyinə şübhə ilə yanaşırlar. 10 il əvvəl atılan əvvəlki addımın nəticələri də təskinedici olmamışdır: 70 milyondan çox əhalisi olan ölkədə cəmi 49 nəfər cərimələnmişdi. Bu kampaniyaya şəkk gətirənlər sultan IV Muradın təşəbbüsünün uğursuzluqla nəticələndiyini də unutmurlar. O, 1633-cü ildə Osmanlı imperiyasının bütün ərazisində tütünü və şərabı qadağan etmişdi, qadağanı pozanları dar ağacı gözləyirdi. Lakin sultan 27 yaşında qaraciyər sirrozundan dünyasını dəyişmişdi.