Türkiyədə koronavirusdan sağalanların sayı 150 minə yaxınlaşır
Ankara, 10 iyun, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusa (COVID-19) dair gündəlik testlərin aparılması davam edir. İyunun 9-də 37 min 225 nəfər yoxlamadan keçirilib. Onlardan 993 nəfərdə virus aşkarlanıb.
AZƏRTAC Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, gün ərzində 3218 nəfər sağalıb, 18 nəfər dünyasını dəyişib. Son vaxtlar gündəlik yoluxma və ölüm halında az sayda enmə müşahidə olunur.
İndiyədək 2 milyon 415 min 179 nəfər koronavirus testindən keçirilib. Onlardan 172 min 114 nəfərdə virus aşkarlanıb. Hazırda 642 nəfər reanimasiyada, 281 xəstə süni nəfər aparatına qoşulmuş haldadır. Hər iki halda artım var. İndiyədək bu virusdan 4 min 729 xəstə dünyasını dəyişib, 144 min 598 xəstə sağalıb.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin iyunun 9-da keçirilən növbəti iclasında COVID-19 pandemiyasına görə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində normallaşma prosesinə dair qəbul olunmuş qərarlar açıqlanıb.
Məlumat verilib ki, 65 yaş və ondan yuxarı həddə olan vətəndaşlar bundan sonra saat 10:00-dan 20:00-dək evdən çıxa bilərlər. On səkkiz yaşdan aşağı həddə olanlar üçün məhdudiyyətlər tamamilə aradan qaldırılıb. İyulun 1-dən etibarən toy mərasimi salonları, 15 gün sonra isə nikah yerləri fəaliyyətə başlaya biləcək. Kafe və restoranlar saat 00:00-dək çalışacaq. Kino zalları və teatrlar iyulun 1-dən tamaşaçıları qəbul edəcək. Sosial məsafə, təmizlik və qoruyucu maskadan istifadə edilməsi tövsiyə və tələb olaraq qüvvədədir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara