DÜNYA
TÜRKİYƏDƏ “TURİZMİN MƏNƏVİ MƏCƏLLƏSİ” QƏBUL EDİLƏCƏK
Son illər dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilən Türkiyədə “Turizmin mənəvi məcəlləsi” qəbul ediləcəkdir. Bundan məqsəd turizm sənayesini yerli iqtisadiyyatın təkanverici qüvvəsinə çevirmək və 2020-ci ilədək ölkəyə hər il 20 milyon turistin gəlmiəsinə nail olmaqdır. Indi Türkiyənin dənizsahili kurortlarında hər il təxminən 10 milyon əcnəbi istirahət edir və ölkə bundan 8,5-9 milyard dollar gəlir götürür.
Dünya praktikasında analoqu olmayan “Məcəllə”nin qəbul olunması haqqında qərar verən Türkiyə Turizm Şurası turizm sənayesinə sərmayə qoyulmasının təşviqinə, turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsinə və bunun nəticəsi olaraq, ölkənin gəlirinin yüksəldilməsinə yönəldilmiş strategiya hazırlanmasının zəruri olduğunu bildirir.
Qəbul edilmiş qərarlarda dövlət sektorunun və özəl sektorun turizmin qlobal inkişaf meyllərinə müvafiq surətdə yenidən təşkil olunması, turizm, mədəniyyət və ətraf mühitin mühafizəsi nazirliklərinin birləşdirilməsi, yerli ticarətçilərin istehlakçıların hüquqlarına dönmədən riayət etməsi, turizm sektoru obyektlərinin məcburi sığortasının tətbiqi, turizm kadrıları hazırlanarkən Avropa Birliyi normalarına tam əməl olunması, turizm infrastrukturunun təzələnməsi və Türkiyənin xaricdə reklam edilməsi üçün hər il 250 milyon dollar ayrılması, əcnəbilərin kurort bölgələrində daşınmaz əmlak alması üçün əlverişli şərait yaradılması, nəqliyyat infrastrukturunun təzələnməsi, ölkədə mötəbər beynəlxalq yarışlar, o cümlədən “Formula-1” üzrə avtorallilər keçirilməsi nəzərdə tutulur.
İTAR-TASS-ın verdiyi xəbərə görə, yeni strategiyanın gerçəklləşdirilməsinə İstanbuldan başlamaq qərara alınmışdır. Türkiyənin turizm naziri Mustafa Taşar bununla əlaqədar şəhərin Bosfor sahillərindəki köşklərin və iri mağaza sahiblərinə xəbərdarlıq edərək bildirmişdir ki, turistlərə keyfiyyətsiz üçqat bahasına mal satmağa çalışanlara qarşı ən ciddi tədbirlər görüləcəkdir.