Türkiyəli ekspert: Prezident İlham Əliyevin növbəti dəstəyindən qürur duyuruq
Ankara, 5 sentyabr, AZƏRTAC
Ümid edirəm ki, ən qısa zamanda Aralıq dənizindəki gərginlikdə azalma müşahidə olunacaq. Çünki Prezident İlham Əliyev Yunanıstanın Azərbaycana təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən bildirdiyi fikirlər Aralıq dənizi sahili ölkələrinin hamısı üçün düşündürücüdür. Artıq hamı fərqindədir ki, əgər bu sularda hərbi qarşıdurma olarsa, Türkiyə tək olmayacaq və münaqişə, ilk növbədə, sahil ölkələrinə böyük zərər vuracaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında sosial elmlər üzrə ekspert, türkiyəli yazıçı və tərcüməçi Mətin Yıldırım ifadə edib.
Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin bütün dünya üçün nümunəvi olduğunu diqqətə çatdıran ekspert deyib: “Azərbaycanın hər məsələdə Türkiyənin dəstəyinə ehtiyacı olduğu kimi, bizim də hər bir strateji addımda Azərbaycanın müdafiəsinə, dəstəyinə, yardımına ehtiyacımız olur. Son vaxtlar Aralıq dənizindəki gərginlik Türkiyəyə çətinliklər yaratmışdı, ölkəmizi təklənmiş vəziyyətə salmaq istəyirdilər. Belə bir prinsipial məqamda Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizə və ölkəmizə açıq dəstək verməsi Türkiyədə böyük rəğbətlə qarşılandı. İndi həm Türkiyə əhalisi, həm də yaxın qonşularımız əmin oldular ki, vəziyyət heç də göründüyü kimi deyil. Azərbaycan hər zaman olduğu kimi, bu gün də Türkiyənin yanındadır. Azərbaycanla fəxr edir, Prezident İlham Əliyevə təşəkkürümüzü və böyük ehtiramımızı bildiririk”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara