TÜRKİYƏNİN ENERGETİKA VƏ TƏBİİ EHTİYATLAR NAZİRİ MEHMET HİLMİ GÜLƏRİN ÇIXIŞI
Hörmətli qonaqlar, xanımlar və cənablar!
“Əsrin müqaviləsi”nin onuncu ildönümü münasibətilə Türkiyənin adından burada olmaqdan xoşbəxtlik və şərəf hissi duyuram. Bununla əlaqədar hörmətli Prezidentimiz Əhməd Necdət Sezərin hörmətli Prezident İlham Əliyevə təbrik məktubunu oxumaq istəyirəm.
(Məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).
Türkiyə Respublikasının energetika və təbii ehtiyatlar naziri olaraq bu münasibətlə mən də bir neçə söz demək istəyirəm. Bildiyiniz kimi, belə bir layihələr, həqiqətən də, Azərbaycan xalqına layiqdir. İnanıram ki, bu sərmayə axını hörmətli Prezident Heydər Əliyevin dövründə olduğu kimi, indi, hörmətli Prezident İlham Əliyevin hakimiyyəti dövründə də davam edəcəkdir. İnşaallah, onun vasitəsilə biz bu cür xoşbəxt anları gələcəkdə də görəcəyik və türk xalqı adından bu tədbirlərdə iştirak etmənin səadətini yaşayacağıq.
Belə böyük layihələr bu ulu millətə doğrudan da yaraşır. Bir az öncə səslənən adlar – Dədə Qorqud kimi hər iki millətə mənsub olan əcdadlarımızın, “İstiqlal” kimi böyük məna daşıyan adlar verilmiş qurğular bizim üçün də çox böyük məna daşıyır. Bu baxımdan biz son dərəcə xoşbəxtik. Biz “Azəri-Çıraq-Günəşli” layihəsi ilə yanaşı, Bakı-Tbilisi-Ceyhan layihəsində də çox mühüm addımlar atmışıq. Türkiyə bu layihəni çox yaxından izləyir və mən təkcə nazir kimi deyil, eyni zamanda, layihənin bir iştirakçısı kimi onun həyata keçirilməsini çox yaxından və gündəlik olaraq nəzarətdə saxlayıram. İnşaallah, gələn ilin may ayında bu layihə üzrə ilk neftin nəqlini bayram edəcəyik.
Bildiyiniz kimi, biz Ceyhan terminalına ulu öndər Heydər Əliyevin adını vermişik. Çünki bu layihənin memarı olması ilə bərabər, digər böyük layihələrin də əsasını qoyan bu dahi şəxsiyyətin adını əbədiləşdirməyi münasib bildik və onun ruhunu şad etmək bizim ən böyük vəzifəmizdir.
Qeyd etdiyim kimi, inşaallah, biz Ceyhanda bu layihənin başa çatmasını bir yerdə bayram edəcəyik. Biz həm Bakıda, həm də Gürcüstanın paytaxtı Tbilisidə bayram tədbirlərini həyata keçirərək, Ceyhanda onları tamamlayacağıq.
Digər tərəfdən, “Şahdəniz” layihəsi də çox uğurla davam edir. Bununla əlaqədar biz Türkiyə Respublikası adından təbii qazın nəqli üzrə Yunanıstanla saziş imzaladıq. Bu layihəni Avropa Birliyi də çox səbirsizliklə gözləyir və onun həyata keçirilməsi bölgəyə həm firavanlıq, həm də sülh, sabitlik gətirəcəkdir. Bununla da bu mühüm layihə tarixə öz möhürünü vuracaqdır. “Türkiyə Petrolları Anonim Ortaqlığı” da bu layihədə vacib rol oynamaqdan çox məmnundur və mən tabeliyimdə olan bu şirkətdən iftixar hissi duyuram.
Qeyd etdiyim kimi, biz bu layihələri uğurla həyata keçirəcəyik və bütün dünyaya nümunə olacağıq. Bununla əlaqədar mən hörmətli Prezident İlham Əliyevə və bu layihələrdə əməyi olan bütün insanlara, xarici şirkətlərə, hökumətlərə təşəkkür edir və ehtiramımı bildirirəm.
X X X
Qazaxıstanın nəqliyyat və kommunikasiyalar naziri Kajmurat Naqmanov Prezident Nursultan Nazarbayevin təbrik məktubunu oxudu.
X X X
Ukraynanın ətraf mühitin mühafizəsi naziri Sergey Polyakov Prezident Leonid Kuçmanın təbrik məktubunu oxudu.
X X X
ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş Prezident Corc Buşun təbrik məktubunu oxudu.