Türkiyənin Müdafiə Nazirliyi: Separatçılıq bütün dünyada sülhə və sabitliyə təhdiddir
Ankara, 5 mart, AZƏRTAC
Ankara ərazi bütövlüyünün qorunmasını və qonşu ölkələrin birliyinə qarşı hücumların qarşısının alınmasını müdafiə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin martın 5-də Ankarada yayılan bəyanatında bildirilib.
Türkiyə Müdafiə Nazirliyi regionda separatçı əhvali-ruhiyyənin alovlanmasının, o cümlədən etnik terror təşkilatlarından istifadənin qəbuledilməz olduğunu vurğulayıb və bildirib ki, bu, təkcə “İranın təhlükəsizliyinə deyil, həm də bütün regionda sülhə və sabitliyə zərbə vurur”.
Nazirlik vurğulayıb: “Türkiyə Müdafiə Nazirliyi müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə PJAK terror təşkilatının (PKK terror qruplaşmasının bir qolu - AZƏRTAC) İrandakı fəaliyyətini yaxından izləyir”.
Müdafiə Nazirliyi Türkiyənin prioritetinin regionda eskalasiyanın aradan qaldırılması, davamlı atəşkəsin bərqərar olması və münaqişələrin dinc yolla həll edilməsi olduğuna əminlik ifadə edib.
Nazirlik tərəfləri hücumları dərhal dayandırmağa, dialoqa girməyə və diplomatik vasitələrdən istifadə etməyə çağırıb. Müdafiə Nazirliyi bəzi media orqanlarında İran qaçqınlarının Türkiyə sərhədinə kütləvi axını ilə bağlı yayılan məlumatları təkzib edib.
Ankara Türkiyə-İran sərhədi boyunca yüksək səviyyədə təhlükəsizlik təminatına diqqət çəkib. Müdafiə Nazirliyi Hatay vilayətinə düşən raket qalıqlarını xatırladaraq vurğulayıb: “Türkiyə Silahlı Qüvvələri istənilən ssenarini həll etmək üçün digər dövlət qurumları ilə əlaqəli şəkildə lazımi tədbirlər görür. Mənbəyindən asılı olmayaraq, düşmənin hərəkətlərinə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq”.
Ankara