Türkiyənin Samsun şəhərində “Nədən Xocalı” mövzusunda seminar
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 16-da Türkiyənin Samsun şəhərində Türk Ocağı Cəmiyyəti, Amasiya Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi, Balkan-Rumeli Türkləri Konfederasiyası və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Nədən Xocalı” mövzusunda seminar keçirilib.
“MİRAS” İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Seminarı Türk Ocaqları Cəmiyyəti adından Reha Oğuz Ertuğrul açıb və Xocalı soyqırımının bütün türk dünyasına qarşı törədilən zorakılıq olduğunu bildirib.
Tədbirdə “MİRAS” İctimai Birliyinin sədri Fariz Xəlilli Xocalı soyqırımının səbəbləri, nəticələri və dərsləri barədə məruzə edib. Türk dünyası gənclərinin üzərinə düşən əsas vəzifənin Vətən torpaqlarını gəzərək, türkün ayaq izlərinin ardınca gedərək mədəni irsimizi öyrənmək, qorumaq və təbliğ etmək olduğu, yaddaşların təzələnməsinin vacibliyi vurğulanıb.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, “MİRAS” İctimai Birliyi və “Aktiv Media” şirkətinin birgə istehsalı olan “Xocalı vaxtı” sənədli filmi nümayiş etdirilib.
Balkan-Rumeli Türkləri Konfederasiyası sədrinin müavini İzzət Altuntaş Orta Asiya, Qafqaz, Anadolu və Balkan türklərinin bir-birinin başına gələn hadisələri yaxından izləməsinin, türk dünyasının Xocalı soyqırımına ədalət ideyası ətrafında birləşməsinin vacibliyini vurğulayıb.
Türk Ocağı Cəmiyyəti İdarə heyətinin üzvü, dosent Çağatay Tufan Xocalı soyqırımı haqqında tarixi məqamlara, eləcə də Xocalı və ətrafının mədəni irsinə xüsusi diqqət ayırdığı üçün məruzəçiyə minnətdarlıq edib.
Seminarda Türk Ocağı Cəmiyyətinin fəalları, On Doqquz Mayıs Universitetinin müəllim və tələbələri, Amasiya Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyinin üzvləri iştirak ediblər.