İDMAN
UEFA Avropa Liqasının maraq doğuran oyunu Almaniyada baş tutub
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 7-də futbol üzrə UEFA Avropa Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, mərhələnin maraq doğuran oyunu Almaniyada baş tutub. İspaniyanın "Barselona" klubu səfərdə "Ayntraxt"ın qonağı olub. Oyunda hesabı meydan sahibləri açıblar.
Matçın ikinci hissəsinin 48-ci dəqiqəsində Ansqar Knauffin uzaq məsafədən vurduğu qol dəqiq olub. Qarşılaşmanın 66-cı dəqiqəsində Ferran Torres tarazlığı bərpa edib. Qarşılaşmanın 78-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Belə ki, Tuta ikinci sarı vərəqə alaraq meydandan uzaqlaşdırılıb. Qalan dəqiqələrdə Kataloniya təmsilçisinin qol vurmaq şansı olsa da, hesab dəyişilməyib.
İngiltərədə "Vest Hem Yunayted" və Fransanın "Lion" komandası arasındakı oyunda da qalib müəyyənləşməyib - 1:1. Yeganə qələbəni Portuqaliyanın "Braqa" klubu "Qlazqo Reyncers" komandası üzərində qazanıb - 1:0.
Mərhələnin "Slaviya Praqa" (Çexiya) və "Feyenoord" (Niderland) qarşılaşması isə 3:3 hesabı ilə başa çatıb.
Dörddəbir final mərhələsinin cavab matçları aprelin 14-də oynanılacaq.