İDMAN
UEFA AZƏRBAYCAN YIĞMA KOMANDASININ FUTBOLÇUSU SERGEY SOKOLOVU YARIŞLARDAN MÜVƏQQƏTİ KƏNARLAŞDIRMIŞDIR
AZƏRTAC Avropa Futbol İttifaqları Assosiasiyasının (UEFA) rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığma komandasının futbolçusu Sergey Sokolov müvəqqəti olaraq qurumun bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılmışdır. UEFA-nın Nəzarət - İntizam Komitəsi oktyabrın 11-də Avropa çempionatının seçmə qrup oyunları çərçivəsində Brüsseldə meydan sahibi Belçika və Azərbaycan yığma komandaları arasında oyundan sonra aparılmış müayinələrdə futbolçunun qanından qadağan olunmuş preparat tapıldığını təsdiqləmişdir. Eyni zamanda, UEFA futbolçunun bütün beynəlxalq yarışlardan kənarlaşdırılması üçün FİFA-ya müraciət göndərmişdir.
Futbolçunun şərəfini qoruduğu Ağdamın “Qarabağ” komandasının rəsmi saytında isə klubun direktoru Əmrah Çəlikəl hadisə ilə bağlı araşdırmaların aparıldığını qeyd etmişdir. Onun sözlərinə görə, S. Sokolovun ayağında ağrılar olduğundan ona ağrıkəsici dərmanlar vurulurdu. Qadağan olunmuş preparatlar da məhz bu iynələrin tərkibində ola bilərdi.
S. Sokolovun işi ilə bağlı son qərarı UEFA-nın Nəzarət-İntizam Komitəsi dekabrın 7-də verəcəkdir.