Ukraynanın mötəbər saytında professor Arif Quliyevin Xocalı soyqırımı barədə geniş məqaləsi yerləşdirilmişdir
Kiyev, 19 fevral (AZƏRTAC). AZƏRTAC-ın xəbər verdiyi kimi, Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Kiyevdəki nümayəndəliyinin və Ukrayna Azərbaycanlı Gənclər İttifaqının təşəbbüsü ilə fevral ayı bu ölkədə “Xocalı ayı” elan edilmişdir.
Fevralın 18-də Ukraynanın nüfuzlu “RUpor.info” portalı bu kampaniya çərçivəsində öz saytında hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevin “Xocalı soyqırımı: qırğın, yoxsa soyqırımı?” sərlövhəli məqaləsini yerləşdirmişdir.
Məqalədə deyilir ki, erməni separatçılarının Dağlıq Qarabağ münaqişəsi zamanı xüsusi qəddarlıqla törətdikləri Xocalı faciəsi Ermənistanın Azərbaycan xalqına qarşı yeritdiyi işğalçılıq siyasətində ən qanlı epizoddur.
Materialda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə - “Böyük Ermənistan” yaradılması ideyasından ruhlanan ermənilərin iki əsr ərzində özgə torpaqlarını ələ keçirmək və həmin ərazilərdə öz dövlətlərini yaratmaq uğrunda mübarizə apardıqları dövrə ekskurs edilmişdir. Çoxsaylı sənədlər təsdiq edir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı etnik təmizləməyə və kütləvi qırğına məruz qalmışdır. Bütün bu cinayətlərin insanların milli əlamətlərə görə tam və ya qismən məhv edilməsi məqsədi ilə əvvəlcədən planlaşdırılaraq həyata keçirilməsi həmin aktı soyqırımı adlandırmağa haqq verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı barədə həqiqətləri açıqlayan həmvətənimiz, tanınmış alim Arif Quliyevin materialını öz saytında yerləşdirdiklərinə görə ukraynalı həmkarlarımıza səmimi minnətdarlığımızı bildiririk.
Məqalədə deyilir: “Azərbaycan xalqına qarşı erməni separatçılarının cinayət əməllərinə dövlət səviyyəsində siyasi qiyməti ilk dəfə ümummilli lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə vermişdir. Onun daha bir Fərmanı - “Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiqi, bu cinayətə siyasi-hüquqi qiymət verilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Erməni işğalçılarının törətdikləri bu qəddarlıq və vandalizm aktı dünya ictimaiyyəti və bütün tərəqqipərvər bəşəriyyət tərəfindən Xatın, Holokost, Osvensim, Buhenvald, Babi Yar kimi faciələrlə bir bərabərdə pislənilməlidir.
Məqalənin mətni və insanı dəhşətə salan fotoxronika kadrları ilə http://www.rupor.info/fokus/2014/02/18/hodzhalinskaya-tragediya-bojnya-ili-genocid/ linkində tanış olmaq mümkündür.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Kiyev