CƏMİYYƏT
Ulu Öndər Heydər Əliyevə həsr olunan “El bilir ki, sən mənimsən!” layihəsi başa çatıb
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən Ulu Öndər Heydər Əliyevə həsr olunan “El bilir ki, sən mənimsən!” layihəsi başa çatıb.
Miqrasiya Könüllüsü İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, layihə “Sən elə bir zirvəsən” adlı esse müsabiqəsi; “Bir əsrlik ömür” adlı intellektual yarış və Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “El bilir ki, sən mənimsən!” adlı bağlanış forumundan ibarət olub.
İlk olaraq esse müsabiqəsində məktəblilər arasında Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı ilə bağlı yazılan esselər dəyərləndirilib və qaliblər müəyyən olunub. İntellektual yarışda isə müxtəlif könüllülük təşkilatlarından olan komandalar iştirak edib. Bağlanış mərasimində Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı videoçarx iştirakçılara təqdim olunub. Sonda isə təltifetmə mərasimi ilə esse müsabiqəsinin və intellektual yarışın qalibləri mükafatlandırılıb.