Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi Aktobe şəhərində qeyd olunub
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi Qazaxıstanın Aktobe şəhərində də təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Aktaudakı baş konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə Aktobe vilayət rəhbərliyi, diplomatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Aktaudakı baş konsulluğunun baş konsulu vəzifəsini icra edən Elçin Məmmədov tədbirdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bununla bağlı tədbirlər planı hazırlanıb və dünyanın bütün ölkələrində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunur.
E.Məmmədov Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı danışıb, onun Qazaxıstanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edib.
Bildirilib ki, Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq, qardaşlıq münasibətləri daha da genişlənib və möhkəmlənib.
Aktobe vilayətinin akimi Tuqjanov Yeralı Lukpanoviç, Aktobe şəhərinin akimi Jurebekov Murat Utemisoviç, bu şəhərdəki Dostluq Evinin sədri, Aktobe vilayətinin Sənaye və İnnovativ İnkişaf İdarəsinin rəhbəri Mərcan Korqanbayeva Azərbaycan xalqını əlamətdar bayram münasibətilə təbrik ediblər.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi