Ulu Öndər xalqın sağlamlıq məsələlərinə hər zaman prioritet istiqamətlərdən biri kimi baxıb
Şəki, 3 mart, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bütün sahələr kimi, səhiyyənin inkişafına da böyük diqqət və qayğı göstərib, xalqın sağlamlıq məsələlərinə prioritet istiqamətlərdən biri kimi baxıb. Ulu Öndər 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra səhiyyə sahəsinin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri həyata keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Şəki Şəhər Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbirdə səsləndirilib. Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədi ilə keçirilən tədbirdə Şəki Tibb Kollecinin tələbələri iştirak ediblər.
Tələbələr əvvəlcə dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponat və kitablarla tanış olublar.
Mərkəzin əməkdaşı Xumar Musayeva tələbələrə “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda mühazirə oxuyub. O qeyd edib ki, Ulu Öndər səhiyyə sektorunun inkişafına xüsusi önəm verirdi və bunu əsas prioritet istiqamətlərdən birinə çevirmişdi. Ümummilli Lider Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar tədbirlər kompleksinə köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, əhalinin kütləvi dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başlayıb. Ulu Öndər hər zaman tibb işçilərinə böyük qayğı göstərib və çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vurğulayıb. Məhz onun ölkəyə rəhbərliyi dövründə respublikamızda müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlanılıb. Nəinki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə ən müasir tibbi mərkəzlər yaradılıb. Bu mərkəzlərdə tibb işçilərinin fəaliyyəti üçün geniş imkanlar açılıb.
Qeyd olunub ki, XX əsrin son onilliklərində tibb üzrə xarici mütəxəssislərin, alimlərin Azərbaycana gəlişi, yerli mütəxəssislərlə körpülərin qurulması, eləcə də tibb elmi və tibb təhsili ilə bağlı inkişaf strategiyası birmənalı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirin sonunda “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı videoçarx nümayiş etdirilib.