Ulu Öndərin anadan olmasının 95-ci ildönümü qərb bölgəsində böyük izdihamla qeyd olunub
Tovuz, 10 may, AZƏRTAC
Mayın 10-da Tovuz şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü təntənə ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edərək ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətindəki xidmətlərindən söz açıb. Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlətimiz öz yüksək inkişaf mərhələsini yaşayır.
Sonra parkda rayon mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə bayram konserti olub.
X X X
Şəmkir rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirdə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bildirib ki, Heydər Əliyev xalqın istəyi ilə çox ağır bir dövrdə hakimiyyətə qayıdaraq Azərbaycanı dünya xəritəsindən silinmə təhlükəsindən xilas edib. Ulu Öndərin hakimiyyətdə olduğu dövrdə ölkəmiz öz inkişaf yolunu müəyyənləşdirib, dünyada söz-nüfuz sahibinə çevrilib. Onun siyasi xətti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra digər çıxışlar dinlənilib.
X X X
Ulu Öndərin anadan olmasının 95-ci ildönümü Ağstafada da böyük izdihamla qeyd olunub.
Ağstafadakı Heydər Əliyev Mərkəzinin önündə Ümummilli Liderin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, N saylı hərbi hissələrin əsgər və zabitləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Mərkəzin həyətində kitab sərgisi və gənc rəssamların əl işlərindən ibarət sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb, uşaqların ifasında şerlər səsləndirilib. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət edib, Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.
X X X
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Azərbaycanın hər yerində olduğu kimi, Qazax rayonunda da geniş şəkildə qeyd olunub.
Tədbir iştirakçıları Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərə həsr olunan filmlərə baxıb, kitab sərgisi ilə tanış olublar.
Dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri minnətdarlıqla xatırlanıb, görkəmli siyasi xadimin zəngin və çoxşaxəli fəaliyyətindən, Vətən və xalq qarşısındakı xidmətlərindən söz açılıb.
Tədbir bayram konserti ilə yekunlaşıb.