ULU ÖNDƏRİN GÖRDÜYÜ İŞLƏR ON İLLƏR SONRAYA, PERSPEKTİVƏ HESABLANMIŞDI
“DÖVLƏTQAÇQINKOM”DA YUBİLEY MƏRASİMİ
AZƏRTAC xəbər verir ki, mayın 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış Heydər Əliyev muzeyində ümummilli liderin 85 illiK yubileyinə həsr olunmuş mərasim keçirilmişdir. Prezidentin İcra Aparatının, Nazirlər Kabinetinin məsul əməkdaşlarının, Milli Məclisin deputatlarının, məcburi köçkün rayonların icra hakimiyyətləri başçılarının, qaçqınların və məcburi köçkünlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə Baş nazirin müavini, Komitənin sədri Əli Həsənov çıxış etmişdir. O, ulu öndərin həyat yoluna nəzər salmış, vurğulamışdır ki, Heydər Əliyev yolu türk dünyasının, bütün dünya azərbaycanlılarının yoludur. Bu müdrik siyasi xadim Azərbaycanın XX əsr tarixinin yetirdiyi ən böyük şəxsiyyətdir. Onun siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.
Baş nazirin müavini ulu öndərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkünə çevrilmiş insanlara münasibətindən bəhs etmişdir. Demişdir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış, dözülməz məhrumiyyətlərə düçar olmuş bir milyon soydaşımızın qayğıları həmişə Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ümummilli liderin rəhbərliyi ilə 1993-2003-cü illərdə problemin sülh yolu ilə həlli istiqamətində ciddi səylər göstərilmiş, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılmışdır.
Komitə sədri müasir Azərbaycan dövlətinin memarı və qurucusunun “...işğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” sözlərini xatırlatmış, Prezident İlham Əliyevin doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə gördüyü işləri minnətdarlıq hissi ilə yada salmışdır.
Əli Həsənov məlumat vermişdir ki, Komitə əlamətdar yubiley ərəfəsində AZƏRTAC-ın materialları əsasında xalqımızın ümummilli lideri Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda olan qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə əlaqədar səfərləri, görüşləri, nitqləri və gördüyü tədbirləri əhatə edən kitab çap etdirmişdir.
Mərasimdə çıxış edənlər - Milli Məclisin deputatı Bəxtiyar Əliyev, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov və başqaları ulu öndərin həyata keçirdiyi tədbirlərin on illər sonraya, perspektivə hesablanmış işlər olduğunu qeyd etmişlər. Buna misal olaraq C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş işləri və s. xatırlanmış, vurğulanmışdır ki, ulu öndər bugünkü müstəqil Azərbaycanı bizə miras qoyub getmişdir.
Çıxışlarda ölkə rəhbərliyinin məqsədyönlü siyasəti sayəsində qaçqınların və məcburi köçkünlərin doğma ocaqlarına qayıdacaqlarına böyük inam ifadə olunmuşdur.
Tədbirdə Prezidentin İcra Aparatının məsul əməkdaşı Rövşən Ağayev, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov iştirak etmişlər.
![]() |
![]() |

