Ülviyyə Axundova: Azərbaycan Gəncləri Gününün əsas qəhrəmanları Vətən müharibəsinin iştirakçılarıdır
Bakı, 2 fevral, AZƏRTAC
2 fevral - Azərbaycan Gəncləri Gününün əsas qəhrəmanları İkinci Qarabağ müharibəsinin iştirakçılarıdır. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazan gənclərimiz əsl vətənpərvərlik, fədakarlıq, qəhrəmanlıq və həmrəylik nümayiş etdirdilər. Qarabağı işğaldan azad etmiş gənc nəsil Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir.
Bu sözləri “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova 2 fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.
Ü.Axundova vurğulayıb ki, gənclər sahəsində həyata keçirilən strategiya və proqramlar, dövlət siyasəti sağlam, intellektual, vətənpərvər gəncliyin yetişməsinə xidmət edir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlət gənclər siyasətinin rolu böyükdür. Bu gün Azərbaycan gənci müxtəlif sahələrdə uğurla təmsil olunur, yüksək fəallıq göstərir. Gənc debatçılar, natiqlər istər ölkəmizdə, istər xaricdə müxtəlif platformalarda çıxış edərək Azərbaycanın uğurlarını, Qarabağ həqiqətlərini dünyaya çatdırır, şəxsi inkişafa nail olurlar.
“Müasir Azərbaycan gəncliyi tarixi köklərimizi, milli-mənəvi dəyərlərimizi, doğma dilimizi, ata-babalardan miras qalan adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Gənclərimizin yüksək potensialı, elmi bilikləri, güclü vətənpərvərlik hissləri buna tam imkan verir. Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları və ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı gənclərimizin inkişafı üçün əlverişli şərait yaradır. Sevindirici haldır ki, gənclərimiz bu diqqət və qayğıdan, yaradılan şəraitdən səmərəli şəkildə istifadə edərək ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər”, - deyə İctimai Birliyin sədri bildirib.