Ümummilli Liderin anadan olmasının 93 illiyi münasibətilə Bakı Limanı ağacəkmə aksiyası keçirib
Bakı, 10 may, AZƏRTAC
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirib.
Limandan AZƏRTAC-a bildirilib ki, ekoloji aksiyaya limanın rəhbərliyi və 200-ə yaxın əməkdaşı qatılıb. Aksiya nəticəsində Ələtdə tikilməkdə olan yeni Bakı Limanının ərazisində 600-ə qədər şam və zeytun ağacı əkilib.
Qeyd edək ki, bu aksiya həmçinin Bakı Limanının ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq limanı dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdirmək məqsədinin bir hissəsidir. Belə ki, Bakı Limanı bu məqsədə nail olmaq üçün enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət, eləcə də, dayanıqlı biznes təcrübələrini inkişaf etdirərək liman ərazisində tətbiq etməyi planlaşdırır. Bundan başqa, Bakı Limanının şərq və qərb hissələrində sahil boyunca yaşıl zonalar yaradılması planlaşdırılır. Bakı Limanı hal-hazırda BMT-nin İnkişaf Proqramı ilə birgə bu istiqamətdə iş aparır, Yaşıl Liman statusu alındıqdan sonra Bakı Limanı MDB məkanında bu statusu alan yeganə liman olacaq.