UNEP nümayəndəsi: Azərbaycanda kənd təsərrüfatının inkişafı proqramının həyata keçirilməsi mühüm imkanlar yaradır
Bakı, 8 sentyabr, AZƏRTAC
Kənd təsərrüfatında metan emissiyalarından danışarkən yalnız emissiyaların özünə diqqət yetirməməliyik. Eyni zamanda, soruşmalıyıq - metanın azaldılması fermerlərə necə kömək edə bilər? Məhsuldarlığı artıra bilərmi? Kənd təsərrüfatı resurslarından daha səmərəli istifadəyə imkan verə bilərmi? İnvestisiya imkanları yarada bilərmi? Bir çox hallarda cavab “bəli”dir və bu, kənd təsərrüfatı sektoru üçün olduqca müsbət haldır.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının (UNEP) məsləhətçisi Amina Axmetxanova Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "Fəaliyyətdə harmoniya: İqlimə dayanıqlı kənd təsərrüfatı naminə əməkdaşlıq" adlı yüksəksəviyyəli dəyirmi masada çıxış edərkən deyib.
Onun sözlərinə görə, metan emissiyalarının azaldılması yollarından biri yem keyfiyyətinin və yemləmənin optimallaşdırılmasıdır. Bu, heyvanların yemdən daha səmərəli istifadə etməsinə, süd və ət istehsalının artmasına, eyni zamanda, metan emissiyalarının azalmasına imkan verir: "Heyvanların sağlamlığının yaxşılaşdırılması, eləcə də seleksiya və sürünün idarə olunması üzrə müasir üsullar məhsuldarlığı və resurslardan səmərəli istifadəni artıra bilər. Peyinin daha səmərəli idarə olunması da metan emissiyalarını azaltmaqla yanaşı, əlavə dəyər yarada bilər. Bəzi kənd təsərrüfatı sistemlərində peyindən tullantı kimi deyil, bioqaz və enerji mənbəyi kimi istifadə etmək mümkündür. Bu gün çatdırmaq istədiyimiz mühüm mesaj ondan ibarətdir ki, metan emissiyalarının azaldılması və heyvandarlığın məhsuldarlığının artırılması paralel şəkildə həyata keçirilə bilər".
Azərbaycanda bunun üçün artıq yaxşı əsaslar mövcud olduğunu qeyd edən UNEP nümayəndəsi bildirib: "Qlobal Metan Öhdəliyinin iştirakçısı kimi Azərbaycan ölkələrin 2020-ci il səviyyəsi ilə müqayisədə 2030-cu ilədək metan emissiyalarını 30 faiz azaltmaq üzrə kollektiv hədəfinə töhfə verir. Eyni zamanda, Azərbaycanda kənd təsərrüfatının inkişafı proqramının həyata keçirilməsi də mühüm imkanlar yaradır. Bu proqram iqlim tədbirlərinin heyvandarlıq sektorunun modernləşdirilməsi, məhsuldarlığın artırılması və dayanıqlılığın gücləndirilməsi ilə əlaqələndirilməsinə şərait yarada bilər".