“UNİBANK” AYİB-İN KREDİTİNİN 24 FAİZDƏN ÇOXUNDAN İSTİFADƏ ETMİŞDİR
1,5 milyon dollar məbləğində vəsait 2002-ci ilin noyabrında imzalanmış saziş əsasında ayrılmışdı. Lakin sonra AYİB özünün idarə etdiyi Taybey Xüsusi Vasitəçi İnvestisiya Fondunun (Çin) vəsaiti hesabına kredit xəttini iki dəfə artırmışdır.
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bugünədək proqram çərçivəsində həmin maliyyə təşkilatı üst-üstə 727 min dollar dəyərində dörd layihəni maliyyələşdirmişdir. Bundan əlavə, 45 min dollar dəyərində bir layihə bəyənilmişdir. Ümumi dəyəri 200 min dollar olan daha iki kredit layihəsinə isə hazırda baxılmaqdadır. Kreditlər tikinti materialları istehsalı və iaşə sənayesi kimi sahələrdə əsas vəsaitin və dövriyyə vəsaitinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
AYİB-in ayırdığı kredit istehsal sahəsinin uzunmüddətli - dörd ilədək maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur ki, bu da ölkənin sənaye sektorunun inkişafına təkan verəcəkdir.
“Unibank” səhmdarlarının tərkibində belə aparıcı beynəlxalq maliyyə qurumunun olması Bankın fəaliyyətində müsbət dəyişikliklərə gətirib çıxaracaqdır. Belə ki, texniki modernləşdirməyə, beynəlxalq təcrübə əsasında korporativ idarəetmə sisteminin qurulmasına, mühasibatın beynəlxalq standartlara keçməsi prosesinə, əməkdaşlar üçün məşğələlər təşkil olunmasına AYİB tərəfindən yardım göstərilməsi planlaşdırılmışdır. Bundan başqa, Azərbaycanda kiçik və orta sahibkarlığın kreditləşdirilməsi proqramını həyata keçirmək məsələlərinə dair məsləhətlər veriləcəyi də gözlənilir.
“UniBank”ın kreditinin ümumi həcmi oktyabrın 1-dək 13,6 milyon dollar olmuşdur ki, bu da üçüncü rübün əvvəlindəki göstəricidən 28 faizdən də çoxdur.