Urmiyalı alim Şərqşünaslıq İnstitutunda Gənclər Günü ilə bağlı tədbirdə iştirak edib
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Qloballaşan dünyada müasir Azərbaycan gəncləri” adlı tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə urmiyalı tarixçi alim Tohid Məlikzadə də iştirak edib.
Urmiyalı qonaq tədbirdən öncə Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycanla bağlı tədqiqatları barədə məlumat verib, Tohid Məlikzadənin “Güney Azərbaycan I Dünya müharibəsi illərində” kitabının institutda Azərbaycan dilinə tərcümə edilərək çap edildiyini xatırladıb.
T.Məlikzadə Şərqşünaslıq İnstitutu ilə əməkdaşlığın qurulmasında maraqlı olduğunu qeyd edərək bununla əlaqədar öz təkliflərini bildirib.
Akademik G.Baxşəliyeva müəllifi olduğu “Nizami Gəncəvinin milli mənsubiyyəti” kitabının farsca nüsxəsini T.Məlikzadəyə təqdim edib.
Daha sonra Gənclər Gününə həsr olunmuş tədbirdə çıxış dən Gövhər Baxşəliyeva 1997-ci ildən etibarən fevralın 2-nin ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunduğunu deyib. O, bu tarixin, ümumiyyətlə ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Heydər Əliyev gənc nəslin inkişafına davamlı qayğı göstərib. Ulu Öndər ölkənin inkişafını birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı və gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltmişdi.
G.Baxşəliyeva gənclər siyasətinin bu gün dövlətimiz tərəfindən uğurla davam etdirildiyini deyib. Akademik ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində bu gün vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq gəncliyin formalaşdırıldığını vurğulayıb.
Direktor institutun elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə gənc əməkdaşlar Xanım Abdullayevaya və Gülnar Quliyevaya Şərqşünaslıq İnstitutunun fəxri fərmanlarını təqdim edib.
Tohid Məlikzadə gənc şərqşünas alimlərə fəaliyyətlərində uğurlar arzulayıb və onları dərc etdirdiyi “Azərbaycan və türk tarixi araşdırmaları” jurnalına məqalələr təqdim etməyə dəvət edib.
Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Mustafayev “Azərbaycan gəncləri: gələcəyin qarantı kimi” mövzusunda çıxış edib. E.Mustafayev gənclərin milli-mənəvi və vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətindən, o cümlədən müasir dövrdə Azərbaycan gənclərinin ictimai, mədəni və siyasi proseslərdə rolundan danışib. Şərqşünaslıq İnstitutunun rəhbərliyi tərəfindən aparılan gəncləşmə siyasəti barədə bir sıra məlumatları dinləyicilərin nəzərinə çatdırıb.
Türk filologiyası şöbəsinin elmi işçisi Xanım Abdullayeva Ümummilli Lider Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” və Mustafa Kamal Atatürkün “Ey türk gəncləri! Sizin birinci vəzifəniz Türkiyənin müstəqilliyini, Türkiyə Cümhuriyyətini, əbədi qorumaq və müdafiə etməkdir” çağırışlarını xatırladıb. O, ideyaları və siyasi fəaliyyəti yalnız doğma vətənlərində deyil, dünyanın nüfuzlu tədqiqat institutlarında öyrənilən bu iki böyük rəhbərin gənclik və gənclər haqqında söylədikləri bu fikirlər arasında üzvi bağlılığın olduğunu qeyd edib və hər iki liderin fikrinin qayəsini millətin və dövlətçiliyin qarantı olan gəncliyə xüsusi diqqət və qayğı təşkil etdiyini bildirib.
İran filologiyası şöbəsinin kiçik elmi işçisi Gülnar Quliyeva bildirib ki, Azərbaycan gəncləri onlara göstərilən diqqət və qayğıya, etibara layiqdirlər və bunu Vətən müharibəsində, antiterror tədbirlərində, bir sözlə, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqlı mübarizədə misilsiz xidmətləri ilə sübut ediblər. Gənclərin yüksək vətənpərvərlik ruhunda yetişməsinin uzun illər düşünülmüş, doğru ideologiyanın bəhrəsi olduğunu söyləyən G.Quliyeva Azərbaycan gənclərinin məhz bu gün, məhz bu il ilk dəfə Gənclər Gününü daha böyük qürurla qeyd edə bildiklərini vurğulayıb.