Uşaq və gənclər üçün Milli Qurtuluş Gününə həsr olunan beynəlxalq dəyirmi masa keçiriləcək
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 16-da dünya ölkələrində yaşayan azərbaycanlı uşaq və gənclər üçün Milli Qurtuluş Gününə həsr olunan onlayn beynəlxalq dəyirmi masa keçiriləcək. Tədbir Təhsil Nazirliyi və Diasporla İş Üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, onlayn dəyirmi masanın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə əldə olunan uğurları, o cümlədən sosial-iqtisadi inkişafın sürətləndirilməsi, xalqın sosial rifahının yaxşılaşması, ölkəmizin dünyada yeri və rolunun möhkəmlənməsi, elm, təhsil, mədəniyyət, idman, incəsənətin sürətli inkişafı, Azərbaycanın regionda ən güclü dövlətə çevrilməsi barədə məlumatları dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin diqqətinə çatdırmaqdır.
COVID-19 pandemiyası ilə əlaqədar onlayn təşkil ediləcək tədbirdə 10-dan çox ölkədə fəaliyyət göstərən Azərbaycan diasporu üzvlərinin 9-14 yaşlı uşaqlarından ibarət 60, ümumilikdə isə 100 məktəblinin iştirakı planlaşdırılır.
Qeyd edilib ki, onlayn tədbirdə iqtisadi və siyasi cəhətdən daim inkişaf edən Azərbaycanın dünyaya tanıdılması, uşaq və gənclərin vətənə, xalqa, millətə sədaqət və hörmət ruhunda tərbiyə edilməsi, milli-mədəni irsimizin və müstəqilliyimizin ləyaqətlə qorunub saxlanılması haqqında sənədli film nümayiş etdiriləcək. Bundan əlavə, yuxarıda qeyd olunan istiqamətlər üzrə nailiyyətləri olan uşaqlar çıxış edəcək, müvafiq məsələlər ətrafında müzakirələr aparılacaq.