Uşaq xor kollektivlərinin VII respublika müsabiqəsinin yekun konserti keçiriləcəkdir
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, uşaq xor kollektivlərinin VII respublika müsabiqəsi aprelin 4-dən 28-dək zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan şəhərlərində və Ağcabədi rayonunda keçirilmişdir. Tədbirdə respublikanın şəhər və rayonlarından 10 mindən çox şagird iştirak etmişdir.
Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, respublikanın Xalq Artisti, professor Gülbacı İmanovanın sədrlik etdiyi, tanınmış xormeyster və müəllimlərdən ibarət münsiflər heyəti 200-dən çox uşaq xor kollektivinin çıxışını qiymətləndirmişdir.
Münsiflər heyətinin qərarına əsasən, xormeysterlər Tatyana Yatsenko (Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbi) “Qran-pri” mükafatına, Məhin Orucova (Bakı şəhər C.Hacıyev adına 3 nömrəli uşaq musiqi məktəbi) və Zemfira Nurullayeva (Bakı şəhər Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbi) birinci mükafata, Səidə Göyçayskaya (Bakı şəhər R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi), Nailə Nəhmədova (Bakı şəhər 4 nömrəli uşaq musiqi məktəbi) və Səbinə İbrahimova (Naxçıvan Muxtar Respublikası Ordubad şəhər uşaq musiqi məktəbi) ikinci mükafata, Teymur Cəbrayılov (Bakı şəhər R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi), Aytən Qədirova (Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli onbirillik musiqi məktəbi), Vüsalə Məmmədova (Bakı şəhər M.Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbi) və Eldar Bayramov (Ağcabədi rayon Üzeyir Hacıbəyli adına uşaq incəsənət məktəbi) üçüncü mükafata layiq görülmüşlər.
Müsabiqədə fərqlənmiş Bakı, Gəncə, Lənkəran, Sumqayıt, Şəki, Şirvan şəhərlərinin, Abşeron, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xaçmaz, Goranboy, Göygöl, Kəlbəcər, Kürdəmir, Qax, Qobustan, Quba, Qubadlı, Qusar, Saatlı, Salyan, Samux, Siyəzən, Şuşa, Tərtər, Ucar rayonlarının uşaq xor kollektivləri, xormeyster və konsertmeysterləri fəxri fərmanlarla təltif olunmuşlar.