Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş musiqi bayramı
Bakı, 1 iyun, AZƏRTAC
Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə bədii-musiqili proqram təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən tədbirin əsas məqsədi uşaqların beynəlxalq müdafiəsi gününü qeyd etmək, gənc istedadların yaradıcılıq imkanlarını dəstəkləməkdir.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadə çıxış edərək uşaqları əlamətdar gün münasibətilə təbrik ediblər. Onlar ölkəmizdə uşaq və gənclərin bədii-estetik tərbiyəsinə və yaradıcılıq potensialının inkişafına göstərilən dövlət qayğısından bəhs ediblər.
Konsert proqramında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Xor Kapellası, "Şəms” uşaq xoru və solistlərin ifasında klassik və müasir bəstəkarların uşaqlar üçün bəstələdiyi ölməz əsərlər səsləndirilib.