ÜST ekspertləri hazırkı vəziyyətin hələ də qlobal fövqəladə hal olub-olmamasını müəyyən edəcəklər
Bakı, 25 yanvar, AZƏRTAC
Bu həftə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-lə əlaqədar dünya səhiyyəsi üzrə Fövqəladə Hallar Komitəsinin növbəti iclası keçiriləcək. Ekspertlər qarşısında hazırkı vəziyyətin hələ də qlobal fövqəladə hal olub-olmamasını müəyyən etmək durur.
AZƏRTAC xəbər verir ki, bu barədə ÜST-nin başçısı Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqə bildirib.
O deyib: “Mən Fövqəladə Hallar Komitəsinin tövsiyələrini qabaqlamayacağam. Lakin mən bir çox ölkələrdəki hazırkı vəziyyətdən və ölüm hallarının sayının artmasından əvvəlki kimi çox narahatam. Üç il bundan əvvəlki, pandemiyanın başlandığı vaxt ilə müqayisədə bizim yaxşı vəziyyətdə olmağımıza baxmayaraq, səhiyyə sistemi yenidən gərginlik keçirir”.
Qebreyesusun sözlərinə görə, hələ olduqca az adam, xüsusilə ahıllar və səhiyyə işçiləri peyvənd olunub. Bununla yanaşı, baş direktor əlavə edib ki, vaxtında buster peyvəndləri vurdurmayanlar, bahalığa görə virusəleyhinə vasitələr əldə etmək və zəruri müalicə ala bilmək imkanı olmayan insanlar da çoxdur.
ÜST başçısı dünyada COVID-19-a və koronavirus genomunun sekvensiyasına müşahidənin kəskin aşağı düşməsinə də diqqət çəkib. Bu, virusun məlum variantlarının və yeni variantlarının aşkarlanmasının izlənilməsini mürəkkəbləşdirir. Bundan başqa, saxta elm və dezinformasiya axını koronavirusa qarşı mübarizə vasitələrinin təhlükəsizliyinə və effektivliyinə inamı pozur. Qebreyesus vurğulayıb ki, əhali infeksiyaya qarşı, eləcə də dezinformasiyaya müqavimət göstərmək üçün mübarizə vasitələrinə sahib olmayanadək, bizi təəccübləndirməkdə və öldürməkdə davam edən bu virusu lazımi qədər qiymətləndirməmək olmaz.