VAKANT DÖVLƏT QULLUĞU VƏZİFƏLƏRİNİN TUTULMASI ÜÇÜN YENİ MÜSAHİBƏ ELAN EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 12 dövlət orqanında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan 142 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsahibə elan etmişdir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları sənədlərini 2008-ci il iyunun 5-dən 24-nə qədər saat 18-dək Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər. Təqdim olunmuş sənədlər Komissiya tərəfindən yoxlanıldıqdan sonra namizədlər müsahibədə iştirak etmək hüququ qazanacaqlar.
Müsahibəyə dair ətraflı məlumat Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az və www.csc.gov.az), habelə “Respublika” və “Zerkalo” qəzetlərinin 5 iyun tarixli saylarında verilmişdir.
Qeyd edək ki, müsahibəyə çıxarılmış 142 vakant dövlət qulluğu vəzifəsindən 83-ü (58,45 faizi) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aiddir.
Digər dövlət orqanları üzrə göstəricilər aşağıdakı kimidir:
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - 16 yer
• Dövlət Statistika Komitəsi - 16 yer
• Gənclər və İdman Nazirliyi - 7 yer
• İqtisadi İnkişaf Nazirliyi - 5 yer
• Tarif Şurasının Katibliyi - 4 yer
• Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti - 3 yer
• Kənd Təsərrüfatı Nazirliyi - 3 yer
• Müəllif Hüquqları Agentliyi - 2 yer
• Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi - 1 yer
• Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi -1 yer
• Sənaye və Energetika Nazirliyi - 1 yer.