Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün təşkil edilən “Karyera düşərgəsi” yekunlaşıb
Bakı, 14 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə həyata keçirdiyi “Karyera körpüsü” layihəsi çərçivəsində təşkil edilən “Karyera düşərgəsi” başa çatıb.
Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, 5 gün davam edən düşərgə müddətində 24 iştirakçı üçün motivasiya, özünüdərketmə, əmək bazarı, karyera planlaması, effektiv ünsiyyət, vaxtın idarə olunması mövzularına dair interaktiv təlimlər təşkil olunub. Onlar, həmçinin CV hazırlanması, iş müsahibəsinə hazırlıq və süni intellektin əmək bazarına təsiri kimi mövzuları əhatə edən təlimlərə, mədəni-əyləncəli proqramlara cəlb ediliblər. İştirakçılar üçün iki ili əhatə edən fərdi inkişaf planları da hazırlanıb. Düşərgənin son günü iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Karyera körpüsü” layihəsi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrinin yuxarı sinif şagirdləri və məzunlarının əmək bazarına hazırlıqlı olmalarına, şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirmələrinə, gələcəkdə uğurlu karyera qurmalarına dəstək məqsədi daşıyır.