Vaşinqtonda “Çolpon-Ata Sammiti və Trans-Xəzər əməkdaşlığında növbəti addımlar” mövzusunda tədbir təşkil edilib
Vaşinqton, 14 avqust, AZƏRTAC
Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Çolpon-Ata Sammiti və Trans-Xəzər əməkdaşlığında növbəti addımlar” mövzusunda tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirə region ölkələrinin və Amerika Birləşmiş Ştatlarının (ABŞ) diplomatları, siyasət üzrə ekspertlər, akademik dairələrin və biznes ictimaiyyətinin nümayəndələri qatılıb, ABŞ-Xəzər əməkdaşlığının gələcəyini müzakirə ediblər.
Müzakirələrdə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim, Qazaxıstan səfiri Maqjan İlyasov, Qırğız Respublikasının səfiri Edil Baysalov, Türkmənistan səfiri Esen Aydogdıyev və Özbəkistan səfiri Furqat Sidiqov çıxış ediblər.
Xəzər Siyasət Mərkəzinin prezidenti və baş icraçı direktoru Əfqan Nifti tədbiri giriş nitqi ilə açıb. O bildirib ki, əvvəllər sərhəd mübahisələri, siyasi gərginliklər və regional problemlərlə səciyyələnən region hazırda getdikcə daha çox dialoq və əməkdaşlıqla xarakterizə olunur.
Əfqan Nifti Azərbaycanın Mərkəzi Asiyanın iqtisadi inkişafında artan rolunu xüsusi vurğulayıb. “Bir vaxtlar kənar tərəfdaş kimi qəbul edilən Azərbaycan qısa müddətdə Mərkəzi Asiyanın daha geniş iqtisadi gündəliyinin ayrılmaz hissəsinə çevrilib və Qafqaz regionunu Avropa bazarları ilə birləşdirən təbii qapıdır”,- deyə o bildirib. Həmçinin regional sabitliyin dəstəklənməsində ABŞ-nin mühüm rolunu vurğulayaraq, Tramp administrasiyasının Ermənistan və Azərbaycan arasında sülhün irəlilədilməsində aparıcı rol oynadığını qeyd edib.
Giriş çıxışından sonra Xəzər Siyasət Mərkəzinin baş elmi əməkdaşı Erik Rudenşold regionda dəyişən geosiyasi mənzərəyə toxunub. O, Çolpon-Ata Sammitini Mərkəzi Asiyanın 5 dövləti ilə Azərbaycan arasında münasibətlərin sürətli inkişafında daha bir imkan və növbəti addım kimi xarakterizə edib. Rudenşold bildirib ki, C6 ölkələri arasında siyasi dialoq getdikcə daha sistemli və müntəzəm xarakter alır ki, bu da regional qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndiyini göstərir.
Azərbaycan səfiri Xəzər İbrahim isə C6 formatının gələcəyinin formalaşdırılmasında region ölkələrinin təşəbbüskarlığının və birliyinin əhəmiyyətindən danışıb. O, Çolpon-Ata Sammitini regionda artan həmrəyliyin göstəricisi kimi qiymətləndirib. Səfir Azərbaycanın regionda nəqliyyat bağlantılarının gücləndirilməsində rolunu da vurğulayıb və bildirib ki, bu, C6 formatına yalnız daha böyük müxtəliflik deyil, həm də praktik nəticələr gətirəcək.
Qazaxıstan səfiri Maqjan İlyasov ölkəsinin regional iqtisadi əlaqələrin və nəqliyyat bağlantılarının gücləndirilməsində maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, iqtisadi cəhətdən fəal qonşuluğun yaradılması əsas prioritetlərdən biridir. “Biz müxtəlif platformalarda müntəzəm görüşürük və bu görüşlərdə Mərkəzi Asiyanın 5 respublikasının demək olar ki, hamısı iştirak edir. Biz danışırıq və heç kim kənarda qalmır. Bu, vacibdir”,- deyə o əlavə edib. Səfir Mərkəzi Asiya və Xəzər regionlarının hazırda ABŞ tərəfindən gördüyü diqqət, əməkdaşlıq və dəstəyin gələcəkdə də eyni səviyyədə davam edəcəyinə ümid etdiyini bildirib.
Çolpon-Ata Sammitinə ev sahibliyi edən Qırğızıstanın səfiri Edil Baysalov regional birliyin artan əhəmiyyətindən danışıb. Onun fikrincə, Mərkəzi Asiya dövlətləri getdikcə daha çox anlayır ki, onlar bir-birləri üçün kifayətdirlər və kollektiv şəkildə hərəkət etmək, daxili fikir ayrılıqlarını müstəqil şəkildə həll etmək artıq praqmatik milli marağa çevrilir. Səfir nəqliyyat bağlantılarını regional əməkdaşlığın ən mühüm konkret nəticələrindən biri kimi göstərib.
Türkmənistan səfiri Esen Aydogdıyev Xəzər dənizinin regional bağlantılarda dəyişən roluna diqqət çəkib. “Xəzər nə sərhəddir, nə də maneə. O, indi Mərkəzi Asiyanı Azərbaycanla birləşdirən körpüdür”,- deyə o bildirib.
Özbəkistan səfiri Furqat Sidiqov Çolpon-Ata Sammitini Prezident Şavkat Mirziyoyevin Mərkəzi Asiyada siyasi tərəfdaşlıqların gücləndirilməsinə yönəlmiş strategiyasının davamı kimi xarakterizə edib. O, regionu münaqişə zonalarından kənar yeni, dayanıqlı və proqnozlaşdırılabilən təchizat zəncirləri yaradan siyasi mərkəz kimi qiymətləndirib. “Bizə yeni ixrac bazarı lazımdır və düşünürəm ki, Azərbaycanla bu platforma bizim Avropa və digər bazarlara açılmağımız üçün başlanğıcdır”, - deyə o vurğulayıb.
Daha sonra iştirakçılar səfirlərlə interaktiv sual-cavab sessiyasında iştirak ediblər. Sessiyada regional əməkdaşlıq, investisiya imkanları və ABŞ-nin Mərkəzi Asiyadakı gələcək iştirakının perspektivləri müzakirə olunub.