İQTİSADİYYAT
Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər və nazirliyin planları müzakirə olunmuşdur
Bakı, 9 aprel (AZƏRTAC). Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəis müavini Məhiyəddin Namazov Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvləri ilə görüşmüşdür.
ATİB-dən AZƏRTAC-a bildirmişlər ki, görüşün məqsədi vergi qanunvericiliyindəki ən son dəyişikliklər, prosedurlarda gözlənilən yeniliklər və ümumilikdə Azərbaycanın yaxın və orta gələcək üçün vergi siyasətinin əsas istiqamətləri barədə ATİB üzvlərini məlumatlandırmaq olmuşdur.
Vergi Məcəlləsinə dəyişikliklərin hazırlandığını söyləyən M.Namazov qeyd etmişdir ki, bunlar nağd hesablaşmaların məhdudlaşması və qeyri-nağd hesablaşmaların stimullaşması, müəyyən vergi dərəcələrinin dəyişməsi, güzəştlər məsələsi, əsas vəsait anlayışı, bir sıra fərdi xidmət formalarının vergiyə cəlb olunması üsulu, əmlak vergisi sahələrini əhatə etməsi nəzərdə tutulmuşdur. Dəyişikliklərin aprel ayı ərzində hökumət tərəfindən müzakirə edilib Milli Məclisə təqdim olunması gözlənilir.