VERGİLƏR NAZİRLİYİ ALİ MƏKTƏB TƏLƏBƏLƏRİ ARASINDA OLİMPİADA KEÇİRMİŞDİR
Vergilər Nazirliyi Aparatının rəhbəri, vergi xidməti müşaviri Asif Cahangirov çıxış edərək, olimpiadanın əhəmiyyətindən danışmış, demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” 2005-ci il 12 sentyabr tarixli Sərəncamı ilə cəmiyyətdə vergi mədəniyyətinin yüksəldilməsi, orta və ali məktəblərdə vergilərlə bağlı biliklərin tədrisi ilə bağlı qarşıya mühüm vəzifələr qoymuşdur. Dövlətimizin başçısının Sərəncamına əsasən, Vergilər Nazirliyi vergilər sahəsində biliklərin tədrisi istiqamətində son illər mühüm addımlar atmış, ali və orta məktəblərlə əlaqələr genişləndirilmiş, təhsil ocaqlarında vergi kabinetləri yaradılmışdır. Dövlət İqtisad Universitetində bu gün keçirilən olimpiada da həmin tədbirlərdən biridir.
Olimpiada test üsulu ilə keçirilmişdir. Test bazasına 120 sual daxil edilmiş və bunlar hər birində 60 sual olmaqla “A” və “B” variantlarına ayrılmışdır. Olimpiadanın hər bir iştirakçısı 2 saat ərzində 60 suala cavab vermişdir. Qaydaya görə hər sual üçün 1 bal nəzərdə tutulmuş və maksimum nəticə göstərən iştirakçılar qalib hesab olunmuşlar.
Vergilər Nazirliyi və ali məktəblərin nümayəndələrindən ibarət münsiflər heyəti olimpiada başa çatan kimi nəticələri dərhal qiymətləndirmişdir. Birinci yeri tutan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Faiq Heydərov 300 manat, ikinci yerə çıxan həmin universitetin tələbəsi Toğrul Quliyev və Bakı Dövlət Universitetinin təmsilçisi Nicat Həsənov hərəyə 200 manat, üçüncü yerə layiq görülmüş Bakı Biznes Universitetinin tələbəsi Emin Həsənov, Qafqaz Universitetinin tələbələri Fuad Qəşəmov və Sönməz Cəmilov 150 manat məbləğində pul mükafatına layiq görülmüşlər. Bundan başqa, birinci yeri tutan Dövlət İqtisad Universiteti tələbəsinin müəllimi Ramiz Məhərrəmova 300 manat məbləğində xüsusi mükafat verilmişdir.