VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN M Ə L U M A T I
Vergi xidməti orqanlarının ötən ay Bakı şəhərində keçirdiyi reydlər zamanı bir neçə ticarət obyektində Ermənistanda istehsal olunmuş siqaretlərin aşkar edilərək götürülməsi barədə məlumat verilmişdi.
Vergilər Nazirliyinin mətbuat xidməti bildirir ki, həmin tədbirlərin davamı olaraq bu yaxınlarda 6 saylı ərazi Vergilər İdarəsinin operativ nəzarət və Gəncə şəhəri üzrə Vergilər İdarəsinin operativ sahə nəzarəti şöbələrinin əməkdaşları Gəncə şəhərindəki ticarət obyektlərində üzərində rus dilində “Ararat” MMM Rusiya və Murmansk şəhəri” sözləri yazılmış 240 qramlıq 72 banka və 1300 qramlıq 4 banka “Seld” adlı balıq konservləri aşkar etmişlər. Həmin konservlərin üzərində həmçinin erməni və rus dillərində ermənilərin “Ararat” adlandırdıqları dağın adı və emblemi əks olunmuşdur.
Vergilər Nazirliyinin mətbuat xidməti bildirir ki, şübhə doğuran digər məqam həmin məhsulların istehsalçısının ünvan rekvizitlərinin olmamasıdır. Bu məhsullar aşkar edilib götürüldükdən dərhal sonra 6 saylı ərazi Vergilər İdarəsinin strukturuna daxil olan qalan vergilər idarələrinə də həmin malların aşkar edilib yığılması barədə göstəriş verilib. Nəticədə Ağstafa rayonu ərazisində 240 qramlıq 6 banka, Tovuz rayonu ərazisində isə 9 banka eyni adlı balıq konservləri aşkar edilərək götürülmüşdür.
Əlavə edək ki, 240 qramlıq konservlərin üzərində saxlama müddəti 2 il olmaqla onların 2001-ci ilin sentyabr-oktyabr aylarında, 1300 qramlıq konservlərin isə saxlama müddəti 4 ay olmaqla 2001-ci ilin dekabrında istehsal edildiyi yazılıb. Bu konservlərin satışı ilə məşğul olmuş obyekt sahiblərindən alınan izahatlardan məlum olmuşdur ki, onlar həmin malları Bakı şəhərindəki “Sədərək” bazarından əldə ediblər. Lakin Vergilər Nazirliyi operativ nəzarət idarəsinin “Sədərək” bazarında bir neçə gün keçirdiyi baxış zamanı burada sözügedən konservlər aşkar edilməmişdir. Bu istiqamətdə tədbirlər davam etdirilir və məsələ nəzarətdə saxlanılır.