VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Vergilər Nazirliyinin operativ nəzarət idarəsi və Dövlət Gömrük Komitəsinin qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə baş idarəsi əməkdaşlarının Qazax şəhərində keçirdikləri birgə reyd nəticəsində şəhərin Azadlıq küçəsi, 46 ünvanında yerləşən, “Carçıoğlu” və “Piroğlu” firmalarına məxsus anbarlarda respublikaya qaçaqmalçılıq yolu ilə idxal olunmuş külli miqdarda ərzaq məhsulları aşkar edilmişdir. Baxış zamanı anbarlarda üzərində aksiz markası olmayan, İtaliyada və Türkiyədə istehsal edilmiş pivə məhsulları, Yeni Zelandiya və Rusiya istehsalı olan yağ məhsulları, vaxtı keçmiş və aksizsiz xarici araq məhsulları qeydə alınmışdır.
Elə həmin ünvanda vergi və gömrük orqanları əməkdaşları qeyri-qanuni şəkildə fəaliyyət göstərən şampun istehsalı sexi və 200-dən çox 100 litrlik çəlləklərdə saxlanılan, şampun istehsalı üçün zəruri olan komponentlər aşkar etmişlər. İlkin təhqiqatlardan sonra həmin məhsulların bir hissəsinin firmanın Bakı şəhərinin Xətai rayonu ərazisində Rəfiyev, 19 ünvanında yerləşən anbarlarında da saxlandığı bəlli olmuşdur. Bakı şəhərində aparılan yoxlamalar zamanı burada da külli miqdarda sənədsiz məhsullar və saxta aksiz markaları aşkar edilmişdir.
Hazırda Qazax şəhərində Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin və 6 saylı ərazi vergilər idarəsinin əməkdaşları araşdırma aparırlar.