VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Ölkə ərazisində üzərində aksiz markası olmayan və ya saxta aksiz markası ilə markalanmış alkoqollu içkilərin və tütün məmulatının satışı hallarına hələ də rast gəlinir. Bu isə son nəticədə vergidən yayınmalara gətirib çıxarır.
Vergilər Nazirliyi “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” ölkə prezidentinin 20 dekabr 1996-cı il tarixli Fərmanının və Nazirlər Kabinetinin 4 mart 1999-cu il tarixli 33 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə yerlərdə müvafiq tədbirləri davam etdirir.
Vergilər Nazirliyinin mətbuat xidməti bildirir ki, 2002-ci ilin I rübü ərzində ölkə üzrə yoxlama aparılan 639 obyektdən 342-də nöqsan aşkar edilmişdir. Bu zaman dəyəri 121223,7 min manat məbləğində olan 99474 ədəd aksiz markası olmayan mal qeydə alınmışdır. Müvafiq icra hakimiyyəti və məhkəmə orqanlarının qərarlarına əsasən, nöqsana yol vermiş obyektlərə 46406,5 min manat məbləğində inzibati cərimə kəsilmişdir. Bundan başqa, məhkəmə orqanlarının qərarı ilə 19364 ədəd aksiz markası olmayan mal müsadirə edilmişdir.
Eyni zamanda, 2002-ci ilin I rübündə Vergilər Nazirliyinin operativ nəzarət idarəsi aksiz markalarının tətbiqinə nəzarət məqsədi ilə ölkə üzrə yoxlama apardığı 40 obyektdə qanun pozuntusu qeydə almışdır. Üzərində aksiz markası olmayan və ya saxta aksiz markası ilə markalanmış 28 ədəd alkoqollu içki və 16037 ədəd tütün məmulatı aşkar edilmişdir.
Vergilər Nazirliyi iş adamlarının nəzərinə bir daha çatdırır ki, aksiz markaları olmayan malların satılması və ya saxlanması qanuna ziddir. İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə əsasən, aksiz markasız satılan məhsullara görə həmin mallar müsadirə edilməklə və ya edilməməklə cavabdeh şəxslər cərimə olunurlar. Vergilər Nazirliyi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri alkoqollu içkilərin və tütün məmulatının satışının tənzimlənməsi işində yardımçı olmağa çağırır.