VERGİLƏR NAZİRLİYİNDƏ MÜSABİQƏ ƏSASINDA XİDMƏTƏ QƏBUL OLUNMUŞ YENİ ƏMƏKDAŞLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 3-də vergilər naziri Fazil Məmmədov dövlət vergi orqanlarına müsabiqə əsasında xidmətə qəbul olunmuş yeni əməkdaşlarla görüşmüşdür.
Vergilər Nazirliyinin kadr siyasətinə prioritet istiqamətlərdən biri kimi yanaşdığını vurğulayan F.Məmmədov peşəkar kadrların hər bir dövlət orqanının səmərəli fəaliyyətinin təmin edilməsi üçün vacib şərt olduğunu diqqətə çatdırmışdır. Buna görə də Vergilər Nazirliyi öz heyətini daim peşəkar kadrlarla komplektləşdirir.
Nazir bildirmişdir ki, dövlət vergi orqanlarına müsabiqə əsasında xidmətə qəbul Azərbaycan Prezidenti İlham Əliyevin ”Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 15 aprel tarixli Fərmanına əsasən həyata keçirilmişdir. Tam şəffaf şəraitdə keçirilən qəbul prosesi həmin fərmanın təsdiq edilməsindən sonra keçirilmiş sayca 4-cü müsabiqədir.
Əvvəlki illərdə vergi orqanlarına müsabiqə yolu ilə xidmətə qəbul edilmiş əməkdaşların hamısı hazırda vergi orqanlarında çalışır, onların bəziləri hətta məsul vəzifələrə irəli çəkilmişlər.
Vergilər naziri gələcəkdə müsabiqə prosesinin daha da təkmilləşdiriləcəyini vurgulamışdır. Belə ki, gələcəkdə vergi orqanlarına xidmətə qəbulla əlaqədar sənədlərin qəbulunun elektron formaya salınması və sənədlərin internet şəbəkəsi vasitəsilə qəbul edilməsi, test imtahanı suallarının konkret vəzifə təsnifatlarına uyğunlaşdırılması və qismən sadələşdirilməsi nəzərdə tutulur.
İşə qəbul edilmiş yeni əməkdaşlar müsabiqə prosesinin şəffaf keçirilməsinə, onlara geniş perspektivlər açılmasına yardım etdiklərinə görə nazirliyin rəhbərliyinə təşəkkür etmişlər.
Vergilər naziri Fazil Məmmədov yeni əməkdaşlara uğurlar arzulamış, vergi xidmətində çalışaraq üzərlərinə düşən məsuliyyəti daha dərindən dərk edəcəklərinə və dövlətimizin başçısı İlham Əliyevin vergi orqanlarına göstərdiyi etimadı yaxşı xidmətləri ilə doğruldacaqlarına əminliyini ifadə etmişdir.
Xatırladaq ki, vergi xidmətinə işə qəbulla bağlı test imtahanları və müsahibə 2008-cı ilin mayında keçirilmişdir. Test imtahanlarında müsabiqədə iştirak etmək hüququ qazanan 267 nəfərdən 250 nəfəri iştirak etmişdir. Müsabiqənin ümumi nəticələrinə görə 46 namizəd vergi xidmətinin kadr ehtiyatlarına qəbul olunmuşdur.