MƏDƏNİYYƏT
“Vətən haqqı-ana haqqı” kitabı cəsur döyüşçülərə həsr olunub
Bakı, 24 aprel, AZƏRTAC
Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçmiş “Azərbaycan Bayrağı” ordenli, Əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun “Vətən haqqı-ana haqqı” kitabı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətləri olan, hərbi tapşırıqları yerinə yetirərkən fərqlənən cəsur döyüşçülərə həsr edilib.
AZƏRTAC xəbər verir ki, kitabda Birinci Qarabağ müharibəsində hünər və şücaət göstərdiklərinə görə orden və medallara layiq görülmüş ağdamlı döyüşçülər haqqında müəllifin bədii-publisistik yazıları toplanılıb.
Kitab son sözü Vətən olan, ölümü Vətən eşqindən aşağı endirən şəhid oğulların əziz və unudulmaz xatirələrinə, onlarla çiyin-çiyinə vuruşsalar da, qismətlərinə yaşamaq payı düşən veteran döyüşçülərə ehtiramın ifadəsidir.