ELM VƏ TƏHSİL
Vətən Müharibəsi Qəhrəmanı Raqif İsrayılov “Məktəbdə...” layihəsinin qonağı olub
Bakı, 5 noyabr, AZƏRTAC
Vətən Müharibəsi Qəhrəmanı polkovnik Raqif İsrayılov “Məktəbdə...” layihəsinin qonağı olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki görüşü paytaxtdakı 205 nömrəli tam orta məktəbdə keçirilib.
Zəfər Gününün növbəti ildönümü ərəfəsində baş tutan görüş müharibənin şahidinin xatirələri, şagirdlərin maraqlı sualları üzərində qurulub. Görüşdə Raqif İsrayılov Ali Baş Komandanın verdiyi döyüş əmrindən, hər bir azərbaycanlının həsrətlə gözlədiyi bu qərardan sonra həm ön, həm də arxa cəbhədə insanların birliyindən, göstərilən qəhrəmanlıqlardan, Vətən müharibəsi ilə bağlı yaddaşından silinməyən hadisələrdən bəhs edib.
“Vətən qəhrəmanları sinif otaqlarında yetişir”, - deyən Raqif İsrayılov şagirdlərin həqiqi vətənpərvər, əsl vətəndaş olaraq yetişməsində məktəbin, müəllimlərin rolundan, bu məsələdə gənclərin üzərinə düşən vəzifələrdən söz açıb. Qəhrəman hərbçi hər bir azərbaycanlı üçün Zəfərin daşıdığı önəmdən, millət üçün birliyin, həmrəyliyin vacibliyindən danışıb, şagirdləri düşündürən sualları cavablandırıb.
Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.