Vətən müharibəsi şəhidi Maarif Məmmədovun xatirəsi anılıb
Beyləqan, 17 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində şəhid olan Maarif Məmmədovun xatirəsi yad edilib. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım günündə şəhidin ailəsi ilə bərabər, rayon icra hakimiyyətinin əməkdaşları, döyüşçü yoldaşları, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər bildiriblər ki, Maarif Məmmədov 1986-cı ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Ürəyi Vətən eşqi ilə döyünən Maarif gələcəkdə hərbçi olmaq arzusu ilə yaşayıb. Həqiqi hərbi xidmətini yerinə yetirdikdən sonra bir müddət mülki işlərdə çalışsa da, yenidən hərbçi olmaq üçün müraciət edib. Aprel döyüşlərində göstərdiyi şücaətə görə fəxri fərmanla təltif olunub. Hərbin sirlərinə peşəkarcasına yiyələnən Maarif 2020-ci ildə baş gizir rütbəsinə qədər yüksəlib. Vətən müharibəsində də döyüşə ilk atılanlardan olub. Füzulidən Şuşaya qədər döyüş yolu keçən Maarif əsl qəhrəmanlıq nümayiş etdirib. Noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, Məmmədov Maarif Məmməd oğlu döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.